14 yanvar 2026 14:08
86

Danimarka və Qrenlandiya  ABŞ-ı fikrindən daşındıra BİLƏCƏKLƏRMİ?

Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldt ABŞ-a səfər edərək Ağ Evdə yüksək səviyyəli görüşlər keçirməyi planlaşdırırlar. Onlar ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə danışıqlar aparacaqlar. Səfərin əsas məqsədi Vaşinqtonu Qrenlandiyanı özünə birləşdirmək ideyalarından imtina etməyə inandırmaqdır.

“İki sahil” xəbər verir ki,  bu barədə "Bloomberg" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Danimarka və Qrenlandiyanın yüksək vəzifəli diplomatları ABŞ prezidenti Donald Trampın administrasiyası ilə olduqca çətin danışıqlara hazırlaşırlar. Avropa nümayəndə heyətinin əsas vəzifəsi Vaşinqtonun bu məsələ ilə bağlı real niyyətlərini aydınlaşdırmaq və amerikalı tərəfdaşlara Qrenlandiyanı “ələ keçirməyin” heç bir zərurətinin olmadığını anlatmaqdır.

Diplomatlar narahatdırlar ki, ABŞ-ın Arktika bölgəsində yerləşən bu ərazi ilə bağlı mümkün tələbləri NATO daxilində ciddi parçalanmaya səbəb ola bilər. Qrenlandiya və Danimarka üçün bu məsələ təkcə təhlükəsizlik deyil, həm də suverenlik və öz müqəddəratını təyinetmə prinsipləri ilə bağlıdır.

Daha əvvəl Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen Danimarkanın baş naziri ilə birgə keçirdiyi brifinqdə bəyan etmişdi ki, ada ABŞ-ın bir hissəsi olmayacaq və Vaşinqtondan idarə edilməyəcək.

Sonradan məlum olub ki, Donald Tramp Qrenlandiya sakinlərinin ABŞ-ın tərkibinə daxil olmaq istəmədikləri barədə səsləndirdikləri fikirlərə mənfi reaksiya verib. Bu isə mövzunun beynəlxalq gündəmdə daha da gərgin müzakirələrə səbəb olacağını göstərir.