14 yanvar 2026 18:33
127

Üzdəniraq "missiya" yenidən fəallaşıb - Aİ-nin sərhəd avantürası

Heç kimə sirr deyil ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı “mülki monitorinq missiya”sı (European Union Mission in Armenia, EUMA) Cənubi Qafqazda gərginliyi artırmaq, qarşıdurma yaratmaq və regionu qaynar qazana çevirmək məqsədilə yerləşdirilib. Son günlər “mülki missiya” Azərbaycanla şərti sərhəddə yenidən fəallaşıb. Erməni mediasının yazdığına görə, Aİ-nin “monitorinq missiyası”nın regionda patrul xidməti davam edir. Guya bununla da sülh və sabitlik qorunur. “Çətin hava şəraitinə baxmayaraq, Ermənistandakı Aİ Missiyasının müşahidəçiləri 24/7 patrul xidmətini davam etdirərək bölgədə sülh və sabitliyə töhfə verirlər”. Bu barədə Aİ-nin Ermənistandakı missiyasının X-in mikrobloqundakı paylaşımda qeyd edilib.

Məlumdur ki, Azərbaycanla sərhəddə bir ildən çoxdur ki, sakitlik hökm sürür. Maraqlıdır, Avropa İttifaqının missiyası hansı “sülhə töhfə”dən danışır? Ötən ilin avqust ayında Vaşinqtonda sülh sazişinin paraflanması baş tutdu. Əslində avqust ayından sonra sülhün əsas qarantı qeyri-müəyyən şəkildə ifadə olunan müşahidəçi qrupu deyil, siyasi razılaşmaların əldə edilməsində əvəzsiz rolu olan ABŞ Prezidenti Donald Tramp oldu. Bu kontekstdə məntiqi sual yaranır: İrəvanın başqa cür faydasız müşahidəçilərlə vaxtından əvvəl vidalaşmaq üçün siyasi iradəsi çatacaqmı? Azərbaycan dəfələrlə bəyan edib ki, “mülki missiya”nın sərhəddə yerləşdirilməsinin əleyhinədir. Azərbaycan tərəfi bu “missiya”nın regionun təhlükəsizliyinə təhdid yaratdığını dəfələrlə həm Avropa İttifaqı, həm də Ermənistanın diqqətinə çatdırıb. Buna baxmayaraq, “missiya”nın nümayəndələri Ermənistanla Azərbaycan arasında müvəqqəti şərti sərhədə təxribat xarakterli səfərlər edərək regionda hərbi-siyasi sabitliyi təhdid altında saxlamağa çalışırlar.

Prezident İlham Əliyev də bəyan edib ki, Avropa müşahidəçiləri pərdəsi altında Azərbaycanla Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Məlumdur ki, həmin “missiya” sərhəddə kəşfiyyat məqsədilə fəaliyyət göstərir və təxribatlar törədir. Azərbaycanı haqlı olaraq narazı salan hal ondan ibarətdir ki, Aİ "missiya"sı Azərbaycanın razılığı olmadan fəaliyyət göstərir, tərkibi genişlənir. Ermənistan isə hələ də anlamır ki, bu “missiya”nın fəaliyyəti sülh prosesinə zərər verir. Üçüncü qüvvənin iki ölkənin sərhədində olması vəziyyətin gərginləşdirilməsinə, Avropa İttifaqının bütövlükdə Cənubi Qafqazda hərbi amil kimi meydana çıxmasına xidmət edir. “Missiya”nın 2027-ci il fevralın 19-dək regionda qalması Ermənistana heç nə qazandırmayacaq. Ermənistan bu "missiya"ya “təhlükəsizlik çətiri” kimi baxsa da, əslində, bu, Ermənistanın özü üçün yeni təhlükə yaradır. İrəvan anlamalıdır ki, Aİ “missiya”sı regionda sülhün bərqərar olmasına kömək edən mexanizm deyil. Erməni tərəfi bəyan edir ki, "missiya" delimitasiya və demarkasiya prosesi başa çatana qədər bölgədə fəaliyyətini davam etdirəcək. Halbuki, sərhədlərin delimitasiya və demarkasiya prosesi iki ölkənin işidir və üçüncü tərəfin mövcudluğu gərginliyin artmasına səbəb olur. Yeri gəlmişkən, “missiya”nın tərkibində fransız nümayəndələrin kifayət qədər çox olması və Fransa rəsmilərinin "missiya"nın fəaliyyətinə yaxından maraq göstərməsi, hətta regiona səfərlər edərək "missiya" üzvləri ilə görüşlər keçirmələri də maraqlıdır. Fransa Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilir. Dəfələrlə Azərbaycanın Qarabağda separatizmə qarşı çıxmasını tənqid edib, ölkəmizi sanksiyalarla hədələyib. Bu kimi məqamlar da "missiya"nın bitərəfliyini şübhə altına alır və onun konkret siyasi maraqlara xidmət etdiyini göstərir. Belə bir vəziyyət regionda sabitliyə deyil, əksinə, əlavə gərginliyə səbəb ola bilər.

Xatırladaq ki, bu “missiya” əsasən NATO ölkələrinin hərbi mütəxəssislərindən təşkil olunub. Hazırda “missiya”nın tərkibində fəaliyyət göstərən hərbi kəşfiyyatçılar casus fəaliyyəti ilə məşğuldurlar. Bu qurumu Avropa cəsus şəbəkəsi də hesab etmək olar. Şəbəkə hazırda məlumatları toplamaqla məşğuldurlar. Bu baxımdan, Avropa İttifaqının kəşfiyyat “missiya”sının Cənubi Qafqazdakı sülh prosesinə müsbət təsir göstərməsi mümkün deyil. Xüsusilə qeyd edək ki, Avropa Sülh Fondu vasitəsilə ayrılan maliyyə yardımları birbaşa və ya dolayısı ilə Ermənistanın hərbiləşdirilməsinə sərf edilir. Digər bir məsələ. Avropa İttifaqı Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddətini daha iki il uzadıb. Bu qərara əsasən, avropalı müşahidəçilər 2027-ci il fevralın 19-dək Ermənistanın Azərbaycanla sərhədyanı rayonlarında qalacaqlar. Müqavilə layihəsində müşahidəçilərin tərkibinin və sayının dəyişməz qalacağı (165 xarici və 44 erməni üzv) nəzərdə tutulur. “Missiya”nın qərargahı Ermənistanın sərhədyanı Vayotsdzor bölgəsində, Yexeqnadzor şəhərində yerləşir.

Sevinc Azadi, “İki sahil”