Son illərdə dünyada yaranmış mühüm problemləərdən biri də su təchizatı ilə bağlıdır. Su ehtiyatı azalmaqda olduğundan yaranmış problemin həlli ehtimal edilən müxtəlif mənbələrin hərəkətə gətirilməsini, güman edilən mənbələrin tapılmasını tələb edir. Belə bir problem Azərbaycanda çox ciddi olmasa da mövcuddur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirə də bu problemin konstruktiv həllinə yönəldilmişdi. Müşavirədə çıxış edən dövlət başçımız ölkəmizdə son illər ərzində həm Bakıda, həm bütün bölgələrdə genişmiqyaslı infrastruktur layihələrin icra edildiyindən, iyirimi il ərzində bir neçə regional inkişaf proqramı qəbul olunduğundan, elektrik enerjisi ilə təchizatın bütün ölkəni əhatə etdiyindən, bu yaxınlarda yeni külək elektrik stansiyasının açılışı olmasından, elektrik enerjisi ixrac etməyimizdən, Azərbaycanın bir neçə ildən sonra dünya bazarlarına elektrik enerjisi ixrac edəcəyindən və s. danışaraq dedi ki, “İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir. Biz son 20 il ərzində dörd böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etməliyəm. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı bizə imkan verdi ki, Samur çayının sularını “Ceyranbatan” su anbarına yığaq və orada ehtiyat yaransın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuşdur, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir”.
Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan işğalçılıq müharibəsinə səbəb oldu. İşğalçı dövlət işğal etdiyi ərazilərdə tarixi abidələri dağıdır, binaları uçurur, yararsız hala salırdı. Bu, müharibəaparma deyildi, vandalizm idi. Ermənistan işğal etdiyi ərazilərdə mina terroru da aparırdı. Bunun fəsadları neçə on ildən sonda da davam etməkdədir. İşğalçılıq niyyəti dövlətin xarakterini də müəyyənləşdirir. Bu niyyət Azərbaycana qarşı aparılan müharibənin mülki xarakterini göstərirdi. Minalardan əlavə Ermənistan Azərbaycana qarşı su terroru da həyata keçirirdi. Bu, dünyada görünməmiş bir düşmənçilik idi. Düşmən niyyətinə çatmadı, Azərbaycan su problemi ilə əhatələnmədi. “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirədəki çıxışında dövlət başçımız bu məsələ ilə bağlı dedi: “Bu gün biz azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edirik. Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Onların arasında, ilk növbədə “Sərsəng” su anbarını qeyd etməliyəm. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay” - üç su anbarı yenidən qurulub, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının – “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. Yəqin ki, biz bu il artıq praktik işlərə başlayacağıq”, - bu fikirlər də Azərbaycanın sabahlarına inam kimi dinlənildi. Həm də bu inam dövlətçiliyə sədaqətin inamı olduğundan gerçək sabahların inamıdır...
“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin. Bir müddət bundan əvvəl mənim göstərişimlə proqramın hazırlanması prosesi başlamışdır. Bu proqramın əsas məqsədi, qeyd etdiyim kimi, Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Proqram 2035-ci ilə qədər icra olunmalıdır. Bu fakt özlüyündə göstərir ki, nə qədər genişmiqyaslı proqramdır, çünki vaxt lazımdır biz bunu tam icra edək. Proqramın icrası üçün maliyyə mənbələri müəyyən edilib. Bu, iki mənbədən maliyyələşəcək, həm dövlət büdcəsi hesabına, həm də xarici kreditlər hesabına. Son illər ərzində burada da aparılan islahatlar imkan verdi ki, biz xarici borcumuzu böyük dərəcədə aşağı salaq və salmışıq da. Bu gün dünya miqyasında xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünyada aparıcı yerlərdədir…” , - deyən dövlət başçımız çıxışında həm də 30-a yaxın su anbarı tikiləcəyini, Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatının böyük dərəcədə yaxşılaşacağını, yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacağını, Hövsan sutəmizləyici stansiyasının modernləşdiriləcəyini, potensialının genişləndiriləcəyini, tamamilə yenidən qurulmuş Oğuz-Qəbələ-Bakı su kəmərinin bu gün Bakıda su qıtlığının qarşısını aldığını də bildirdi.
“Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirə bilavasitə sosial mahiyyətli gərəkli bir müşavirə kimi tarixləşdi və Azərbaycanın mühüm bir sahə üzrə ehtimal edilən problemin yranmayacağının zəmanəti oldu...
Səbinə Xasayeva,
Milli Məclisin deputatı