Prezident Volodimir Zelenskinin iştirakı ilə Ukraynanın enerji sektorundakı fövqəladə vəziyyətlə bağlı iclas keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Zelenski “Teleqram” səhifəsində məlumat verib. Dövlət başçısı bildirib ki, Kiyevdəki vəziyyətə xüsusi diqqət yetiriləcək.
"Rusiyanın hava hücumları və pisləşən hava şəraitinin nəticələri ciddidir. Təmir briqadaları, enerji şirkətləri, kommunal xidmətlər və Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti elektrik və istilik təchizatını bərpa etmək üçün gecə-gündüz işləməyə davam edir. Bir çox məsələ təcili həll tələb edir", - deyə Zelenski əlavə edib.
Prezident bildirib ki, vəziyyəti əlaqələndirmək üçün Kiyevdə daimi fəaliyyət göstərən qərargah yaradılacaq. Bütün Ukrayna enerji sektoru üçün fövqəladə vəziyyət elan ediləcək. Baş nazirin birinci müavini - Ukraynanın energetika naziri Denis Şmıqal bu şəraitdə insanları və icmaları dəstəkləmək, eləcə də praktik məsələləri həll etmək üçün komissiyaya rəhbər təyin edilib.
Zelenski qeyd edib ki, digər tərəfdən hökumət üzvləri lazımi avadanlıq və əlavə dəstək almaq üçün tərəfdaşlarla işlərini gücləndirəcəklər. Nazirlər Kabineti bu vəziyyətdə ehtiyat enerji avadanlıqlarının şəbəkəyə qoşulması ilə bağlı bütün proseslərin maksimum dərəcədə tənzimlənməsini təmin edəcək.
Digər tərəfdən hökumətə kəskin soyuq hava şəraiti üçün komendant saatı qaydalarının yenidən nəzərdən keçirilməsi tapşırılıb. Əhalinin dəstək mərkəzlərinə maksimum çıxışı olmalı, müəssisələr elektrik şəbəkəsinin vəziyyətinə əsasən fəaliyyətlərini planlaşdıra bilməlidir. Kiyevdəki sığınacaqların sayı artırılmalı və mövcud olanlar yoxlanılmalıdır. Fövqəladə vəziyyət dövründə təhsil formatları ilə bağlı Təhsil və Elm Nazirliyindən və yerli hakimiyyət orqanlarından təkliflər gözlənilir.
“Dövlət qurumlarının, müəssisələrin və yerli idarəetmənin bütün səviyyələrinin əlaqələndirilmiş şəkildə birgə işləməsi vacibdir", - deyə Zelenski əlavə edib.