15 yanvar 2026 07:41
91

Tramp Rusiya-Ukrayna müharibəsinin uzun sürməsinin səbəbini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, hazırda Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına dair potensial sazişi Rusiya deyil, Ukrayna ləngidir.

“İki sahil” xəbər verir ki, Tramp bu barədə "Reuters" agentliyinə müsahibəsində bildirib.

Amerika liderinin fikrincə, Rusiya Prezidenti Vladimir Putin müharibəni bitirməyə hazırdır.

"Düşünürəm ki, o saziş bağlamağa hazırdır. Hesab edirəm ki, Ukrayna sövdələşməyə daha az hazırdır", - deyə Ağ Ev rəhbəri qeyd edib. Sülh danışıqlarının niyə hələ də nəticə vermədiyi barədə suala Tramp: "Zelenski", - deyə cavab verib.

Jurnalistlər niyə Trampın Ukrayna Prezidentinin danışıqları uzatdığını düşündüyünü dəqiqləşdirdikdə o: "Sadəcə düşünürəm ki, bilirsiniz, onun üçün bunu etmək çətindir", - deyə bildirib.

Tramp həmçinin gələn həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda Zelenski ilə görüşəcəyini təsdiqləyib. Lakin bu görüşlə bağlı hər hansı konkret plan açıqlamayıb.

O həmçinin "Bloomberg" nəşrinin ötən gün yazdığı xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin Moskvaya səfər etməsi barədə məlumatı təkzib edib.