Filoloq: Azərbaycan dilinin saflığının qorunması müasir dövrdə təkcə dilçilik məsələsi deyil, həm də milli suverenliyin və mənəvi bütövlüyün təminatıdır
Azərbaycan dili xalqımızı milli kimliyini, tarixi yaddaşını və mədəniyyətini əks etdirən ən mühüm dəyərlərdən biridir. Bu dil əsrlər boyu müxtəlif tarixi mərhələlərdən keçərək bu günə gəlib və müasir dövrdə də öz mövqeyini qorumağa davam edir. Müstəqillik illərində dövlət dili kimi Konstitusiyada təsbit olunması Azərbaycan dilinin hüquqi baxımdan qorunmasını təmin edib. Lakin bununla yanaşı, dilin gündəlik həyatda qorunması və inkişafı üçün geniş imkanlar və məsuliyyət də ortaya çıxıb.
Qloballaşma və yeni çağırışlar
Müasir dövrdə dil yeni çağırışlarla üzləşir. Qloballaşma, texnologiyanın sürətli inkişafı və informasiya axınının həddindən artıq sürəti dilin estetik və funksional xüsusiyyətlərinə təsir göstərir. Sosial şəbəkələrdə və müxtəlif internet platformalarında yad dil elementlərinin geniş istifadə olunması, cümlə quruluşunun pozulması, qrammatik və tələffüz normalarına laqeyd yanaşma artıq adi haldır. Bu, yalnız sözlərin istifadəsi problemi deyil; eyni zamanda, düşüncə tərzinin dəyişməsinə, nitqin sadələşməsinə gətirib çıxarır.
Texnologiya həm fürsət, həm də risk mənbəyidir. Rəqəmsal mühit dilin yayılmasını asanlaşdırsa da, eyni zamanda, onu yarımçıq ifadə formalarına uyğunlaşdırır. Sosial şəbəkələrdə yaranan qısa mesaj üslubu, avtomatik tərcümələr və xarici dilli interfeyslər gənc nəslin nitqini və düşüncə tərzini dəyişdirir. Qarışıq dil üslubu və mənasız ixtisarlar gündəlik nitqə daxil olaraq dilin funksionallığını məhdudlaşdırır.
Ana dilinin yalnız fənn kimi deyil, milli dəyər kimi şagirdlərə aşılanması vacibdir. Təhsil sistemi bu məsələdə həlledici rol oynayır. Ədəbiyyatın, publisistikanın və klassik dil nümunələrinin sistemli təqdimatı gənc nəslin dil zövqünü formalaşdırır. Müəllimlərin ana dilindən düzgün və səlis istifadə etməsi, dərsliklərin keyfiyyəti və metodikanın əlçatanlığı dilin canlılığını təmin edən əsas amillərdəndir. Formal yanaşma dilin cazibəsini və gücünü zəiflədir.
Vətəndaş borcu…
Dilin qorunması dövlət səviyyəsində atılan addımlar, bu məsələ ilə bağlı qəbul edilən normativ sənədlər və monitorinqlər mühüm əhəmiyyət daşıyır. Ancaq məsuliyyət yalnız dövlət qurumlarının üzərinə düşmür. Cəmiyyətin bütün üzvləri müəllim, valideyn, ictimai fəal ana dilinə hörmət və qayğı göstərməli, gündəlik həyatda dilin düzgün istifadəsini təmin etməlidir. Ana dilinə hörmət şüarlarla yox, söz və əməllə ölçülür.
Azərbaycan dilinin gələcəyi onun gündəlik həyatdakı funksionallığından asılıdır. Dil nə qədər səlis, təbii və ifadəedici şəkildə istifadə olunarsa, bir o qədər güclü və davamlı olacaq. Onu qorumaq üçün süni məhdudiyyətlər yaratmaq yox, müasir dünyanın tələblərinə uyğun olaraq inkişaf etdirmək, zənginləşdirmək və cəmiyyətin hər üzvünün gündəlik davranışına daxil etmək lazımdır. Ana dilinə münasibət milli özünüdərkin ən aydın göstəricisidir və bu münasibət əməli səviyyədə təzahür etməlidir.
Milli suverenliyin simvolu
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycan dilinin saflığının qorunması müasir dövrdə təkcə dilçilik məsələsi deyil, həm də milli suverenliyin və mənəvi bütövlüyün təminatıdır: “Prezident İlham Əliyev AMEA-nın 80 illik yubileyindəki çıxışında bu məqama xüsusi toxunaraq bildirmişdir ki, ana dili bizi əsrlər boyu bir xalq kimi qoruyan, milli kimliyimizi tarixin çətin sınaqlarından çıxaran ən böyük sərvətimizdir. Dövlət başçısı qloballaşmanın sürətləndiyi bir dövrdə ana dilinin rəqəmsal dünyada və elmi platformalarda öz mövqeyini möhkəmləndirməsini strateji vəzifə kimi müəyyən etmiş, elmi ictimaiyyəti bu "mənəvi pasportu" hər cür yad təsirdən müdafiə etməyə çağırmışdır.
Dövlətimizin başçısı, eyni zamanda, yeri telekanallara 5 yanvar 2026-cı il tarixli son müsahibəsində dilin müasir çağırışlarla üzləşdiyini və bu sahədə kəskin sayıqlıq tələb olunduğunu vurğulamışdır. Xüsusilə mediada və reklam sahəsində lüzumsuz əcnəbi sözlərin istifadəsini tənqid edən dövlət başçısı qeyd etmişdir ki, hərbi və siyasi qələbələrini tam bərpa etmiş Azərbaycan üçün dilin təmizliyi həm də mənəvi müstəqilliyin təzahürüdür”.
Xədicə Heydərova qeyd etdi ki, bu baxımdan müasir çağırışlara qarşı durmaq yəni, dili həm leksik çirklənmədən qorumaq, həm də onu texnoloji yeniliklərlə zənginləşdirmək hər bir vətəndaşın və ziyalının dövlət qarşısında ali borcu kimi səciyyələndirilir.
Nigar Orucova, "İki sahil"