15 yanvar 2026 21:02
147

Ombudsman Aparatının əməkdaşları tərəfindən dövlət uşaq müəssisəsində uşaq hüquqlarının təmini vəziyyəti araşdırılıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) milli preventiv və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi üzrə müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində Aparatın nümayəndələri tərəfindən Biləsuvar şəhəri Kəmaləddin Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-liseydə monitorinq həyata keçirilib.

Ombudsman Aparatından “İki sahil”ə verilən məlumata görə, monitorinq zamanı uşaq müəssisəsinin yataqxana, yeməkxana, tibb, sinif otaqları və digər inzibati sahələrinə baxış keçirilib, yaradılmış şərait və təminatın mövcud vəziyyəti uşaq hüquqlarının təmin olunması baxımından araşdırılıb. Rəftar məsələlərinin öyrənilməsi məqsədilə müəssisə rəhbərliyi, əməkdaşlar və uşaqlarla fərdi söhbətlər aparılıb.

Yekunda araşdırmanın nəticəsinə dair və ümumilikdə müəssisədə uşaq hüquqlarının təmini vəziyyətinin daha da təkmilləşdirilməsi, xüsusilə də mətbəx sahəsində qida nümunələrinin saxlanılması, habelə tibb otağında dərman vasitələrinin istifadə müddətinə nəzarətin gücləndirilməsi istiqamətində müəssisə rəhbərliyinə tövsiyələr verilib, qanunvericiliyin tələbləri izah edilib.

Tövsiyələrin icrası təsisat tərəfindən nəzarətdə saxlanılacaq.