16 yanvar 2026 11:30
93

Azərbaycanın 6 klubunun dünya reytinqindəki mövqeyi

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) yanvar ayı üçün yenilənmiş dünya klub reytinqini açıqlayıb.

“İki sahil” xəbər verir ki, iyahıda 704 komanda yer alıb. Onların sırasında Azərbaycanın 6 təmsilçisi də var - “Qarabağ”, “Sabah”, “Zirə”, "Neftçi", “Araz-Naxçıvan” və "Turan Tovuz".

Ağdam klubu əvvəlki siyahı ilə müqayisədə 1 pillə geriləyərək 68-ci yerdən 69-cu sıraya düşüb. “Qarabağ”ın aktivində 182,5 xal var. 

Siyahıda ən ciddi irəliləyiş edən Azərbaycan klubu “Araz-Naxçıvan” olub. Komanda  (60,25) 486-cı pillədən 456-cı yerə yüksəlib. "Neftçi" (51,25) 563-cü yerdən 553-dək irəliləyib.  "Sabah" (93,5 xal) 252-ci mövqedən 224-ə qalxıb. "Zirə" (66,75) 360-cı sıradan 389-a enib. "Turan Tovuz" (45) isə 608-ci pillədən 627-yə düşüb.

Reytinqə Fransanın PSJ-si başçılıq edir (613 xal). İlk üçlüyü İspaniya “Real"ı (471) və İngiltərənin “Çelsi”si (447) tamamlayır.