ABŞ senatoru Lindsi Qrem Ukraynanı mövcud reallığı qəbul etməyə çağıraraq, Rusiya qoşunlarının nəzarətində olan ərazilərdən tam çıxarılmasının yaxın zamanda mümkün olmadığını bəyan edib.

“İki sahil” xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Amerikalı siyasətçinin sözlərinə görə, hazırkı mərhələdə Rusiyanın tam geri çəkilməsi real deyil. Qrem vəziyyətə praqmatik yanaşmanın vacibliyini xüsusi vurğulayıb.
"Ərazi mübadiləsindən söhbət gedəndə mən realistəm və anlayıram ki, hər bir rus əsgərini yaxın vaxtlarda oradan çıxarmaq mümkün olmayacaq", - deyə senator yazıb.
Qrem həmçinin gələcək danışıqların əsas məqsədini də qeyd edib. Onun fikrincə, əsas hədəf münaqişənin yenidən baş verməsini etibarlı şəkildə istisna edəcək bir razılaşmanın əldə olunmasıdır.