16 yanvar 2026 13:47
480

Lukaşenko Belarusda kriptobankların yaradılmasına İCAZƏ VERDİ

Belarus prezidenti Aleksandr Lukaşenko kriptobankların fəaliyyəti və rəqəmsal nişanlar (tokenlər) sahəsində nəzarəti nəzərdə tutan fərmanı imzalayıb. Yeni sənədə əsasən, ölkədə kriptobankların yaradılmasına rəsmi şəkildə icazə verilib.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb. 

Qərara görə, kriptobank kriptovalyutalardan istifadə etməklə yanaşı, ənənəvi maliyyə əməliyyatlarını — o cümlədən bank və ödəniş xidmətlərini həyata keçirən səhmdar cəmiyyəti kimi tanınır. Belə banklar mütləq şəkildə Xüsusi hüquqi rejimin tətbiq olunduğu Yüksək Texnologiyalar Parkının rezidenti statusuna malik olmalı və Belarus Milli Bankının reyestrinə daxil edilməlidir.

Belarus hakimiyyətinin açıqlamasında qeyd olunur ki, ikili tənzimləmə mexanizmi kriptobanklara müştərilər üçün innovativ maliyyə məhsulları təklif etməyə imkan verəcək. Prezidentin mətbuat xidməti bildirir ki, bu fərman Belarusun maliyyə IT-texnologiyaları sahəsində qabaqcıl ölkə kimi imicinin möhkəmləndirilməsinə yönəlib.