19 yanvar 2026 10:50
191

Güllələrdən güclü ruh...

Qanlı 20 Yanvar gecəsi metro xalqın sığınacağına çevrildi

1990-cı il yanvarın 20-si Azərbaycan xalqının azadlıq ruhunun güllə və tanklarla susdurulmaq istəndiyi, lakin məhz həmin gecə sarsılmaz milli ruhun tarix səhnəsinə çıxdığı gündür. O qanlı gecədə Sovet imperiyasının hərbi maşını dinc insanlara tuşlandı, lakin xalqın müstəqillik arzusu güllələrdən də güclü oldu. Şəhidlərin axıdılan qanı yalnız bir faciənin deyil, gələcək Zəfərin, azad və suveren Azərbaycanın bünövrəsinə çevrildi.

20 Yanvar təkcə faciə deyil, milli dirənişin, ləyaqətin və azadlıq əzminin rəmzidir. Həmin gecə canını Vətən uğrunda fəda edənlər bu torpağın sahibinin kim olduğunu bütün dünyaya göstərdilər. 20 Yanvarla başlanan mübarizə bu gün qalib, suveren və qüdrətli Azərbaycanla öz tarixi məntiqi sonluğuna çatdı.

Bu tarixi yaddaşın canlı daşıyıcıları məhz həmin faciənin şahidləridir. 1990-cı ilin qanlı 20 Yanvar gecəsində misilsiz qəhrəmanlıq nümunəsi göstərənlər sırasında metropoliten işçiləri də xüsusi yer tuturdu. Onlar yalnız baş verənləri izləmirdilər, eyni zamanda, gözlənilən itkilərin qarşısını almaq, faciə qurbanlarının sayını azaltmaq üçün qorxmadan və fədakarcasına hərəkət edirdilər. Həmin gecə yaşananlara və metropoliten işçilərinin qəhrəmanlıqlarına nəzər salmaq üçün o dövrün canlı şahidi, metropoliten işçisi Məftun Abbasovla həmsöhbət olduq. Onun xatirələri həm həyəcanın, həm təlaşın, həm də insanlıq şücaətinin, qəhrəmanlığının canlı təəssüratlarıdır.

Müsahibimiz 37 ildir ki, Bakı Metropolitenində çalışır. Hazırda o, tunel ustası işləyir. O, ömrünün yarıdan çoxunu öz peşəsinə həsr etməsindən keçirdiyi qüruru xüsusi vurğulayaraq başladı həmin gecə şahid  olduqları haqqında danışmağa: “Hə, qayıdaq o illərə…  1987-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndislik fakültəsinə qəbul olundum. 1989-cu ilin aprelindən metroda tunel fəhləsi kimi  işləməyə başlamışdım.  Həmin gecə mən indiki “İçərişəhər” metrostansiyasında növbədə idim. Əgər metro o vaxt fasiləsiz işləməsəydi itkilərimiz qat-qat çox olardı. Demək olar ki, insanların təxliyəsi və daşınmasında, həmçinin böyük faciənin qarşısının alınmasında metro təcili yardım rolunu oynadı. Metro xalqımızı böyük itkilərdən qorudu, əhalini çətin vəziyyətdən çıxardı. Biz mümkün qədər yaralılara və qorxmuş insanlara anlayışla yanaşır, onları stresdən çıxararaq yaşadıqları əraziyə çatmalarına kömək edirdik”.

 Faciə şahidinin söhbətimiz əsnasında xüsusi vurğuladığı məqam məhz bu idi: “Metronun gücü və operativ fəaliyyəti sayəsində əhalinin böyük bir qismi həmin dəhşətli bəladan xilas ola bildi”.

Onun sözlərinə görə, faciə baş verdiyi məqamda insanlar güclü şok vəziyyətində olduqlarından stansiya qarşısında dayanıb içəri daxil olmağa ehtiyat edirdilər. Qapalı məkanda qalmaqdan, hər hansı təhlükə ilə üzləşib qaça bilməməkdən qorxurdular. Belə anlarda bir neçə əməkdaşla birlikdə insanları inandırmağa çalışırdım ki, metro hərbiləşdirilmiş obyektdir və ora qarşı hər hansı hərbi təcavüz mümkün deyil. Məhz bu inam sayəsində vətəndaşları sakitləşdirərək stansiyaya qəbul edir, onların təhlükəsizliyini təmin edirdik.

O gecə yaşanan gərgin və təhlükəli anlardan danışan həmsöhbətimiz diqqətə çatdırdı ki, stansiyalarda, xüsusilə eskalatorlarda ciddi sıxlıq yaranmışdı. Onun sözlərinə görə, eskalatorda atılan bir yanlış addım, kiminsə büdrəməsi bir anda onlarla insanın xəsarət almasına səbəb ola bilərdi. Qorxu, həyəcan və vahimə içində olan insanların səhv etməsi isə həmin şəraitdə qaçınılmaz idi.

Bütün bu çətinliklərə baxmayaraq, metropolitenin əməkdaşları vəziyyəti nəzarətdə saxlamağa çalışırdı. Məftun Abbasov əlavə etdi ki, maşinistlərimiz son dərəcə ağır şəraitdə yorğun və ac halda fasiləsiz olaraq səhərə qədər çalışdılar. Onların fədakarlığı və peşəkarlığı sayəsində minlərlə insan təhlükəsiz şəkildə daşındı və daha böyük faciələrin qarşısı alındı.

O gecə yaşadıqlarımız sözlə ifadə olunacaq kimi deyildi söyləyir müsahibimiz: “Gördüyümüz dəhşət, çəkdiyimiz ağrı xalqımızın yaddaşına silinməz izlər buraxdı. Allah xalqımıza bir daha elə günlər yaşatmasın. Xəyanət isə bu faciənin ən ağır tərəfi idi. Üzdəniraq keçmiş Sovet ordusunun dinc, əliyalın insanlara atəş açması heç kəsin gözləmədiyi, insanı sarsıdan bir mənzərə idi.

20 Yanvar gecəsi xalqımızın ən məşəqqətli, ən qanlı gecələrindən biri oldu. Lakin həmin qanlı gecə, eyni zamanda, milli oyanışın və azadlıq ruhunun başlanğıcı idi. Bugünkü suveren Azərbaycan dövlətinin təməlində məhz 20 Yanvar şəhidlərinin qanı və fədakarlığı dayanır. Onlar müstəqilliyimizin ilk baniləri, azadlıq yolunun önündə gedənlər oldular. Bu baxımdan, gənclərə ən böyük tövsiyəm odur ki, 20 Yanvar şəhidlərinin xatirəsini daim qəlblərində yaşatsınlar, imkan tapdıqca onların məzarlarını ziyarət etsinlər. Qanlı gecəni heç vaxt unutmasınlar və bu həqiqətləri dünyaya çatdırsınlar. Çünki bu tarix təkcə keçmişimiz deyil, bugünümüzün və gələcəyimizin də haradan başladığını göstərən bir dərsdir”.

Məftun Abbasov o gecənin hər gün lent kimi gözünün qarşısından keçdiyini, yaddaşından heç vaxt silinmədiyini dilə gətirdi: “20 Yanvar metrostansiyasından istifadə edərkən xalqın qüruru, mətinliyi və sarsılmaz iradəsi bir daha gözümün önündə canlanır. İnsanların bir-birinə dayaq olması, həmrəyliyi, bir amal ətrafında sıx birləşməsi o günlərin ən böyük dərsi idi. Qorxu yox idi, əksinə, birlikdən doğan güc, Vətən sevgisi və ləyaqət hissi hər kəsin baxışında görünürdü. Arzu edirəm ki, xalqımızı həmişə belə mərd, fədakar, qorxmaz və haqqı uğrunda mübariz görüm. Çünki məhz bu xüsusiyyətlər bizi xalq və millət kimi yaşadan əsas dəyərlərdir. O zaman hələ 20 yaşı tamam olmamış bir gənc tələbə idim. Bu gün isə 56 yaşlı bir insan kimi həmin günlərə baxanda anlayıram ki, 20 Yanvar təkcə bir tarix deyil, xalqımızın sınmayan ruhunun, azadlıq eşqinin və milli oyanışının simvoludur”.

Bu gün 20 Yanvar şəhidlərinin ruhu azad, suveren və qüdrətli Azərbaycanın səmasında dolaşır. Onların əmanətinə sahib çıxmaq, bu tarixi yaddaşı qorumaq və gələcək nəsillərə ötürmək hər bir vətəndaşın, xüsusilə də gənclərin mənəvi borcudur. Çünki 20 Yanvarla başlanan azadlıq yolu ilə irəliləyən xalqımız bu gün qalib Azərbaycanın gerçəkliyində öz ən ali məqsədinə qovuşub.

Yaqut Ağaşahqızı, “İki sahil”