19 yanvar 2026 15:43
89

Ötən il Azərbaycanda dizel yanacağının istehsalı artıb

Ötən il Azərbaycanda 2 milyon 549,2 min ton dizel yanacağı istehsal edilib.

“İki sahil”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2024-cü ilin göstəriciləri ilə müqayisədə 22,9 % çoxdur.

Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 5 milyard 532,3 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 13,7 % artıb.

Ötən il Azərbaycanda 59 min ton mazut istehsal edilib. Bu göstərici 2024-cü il ilə müqayisədə 2,2 dəfə çoxdur.

Bu dövr ərzində Azərbaycanda 1 milyard 466,7 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu göstərici də 2024-cü il ilə müqayisədə 17,2 % çoxdur.

Hesabat dövründə 36,6 min ton sürtkü yağları, 259,3 min ton neft bitumu istehsal edilib. Ötən il ilə müqayisədə Azərbaycanda sürtkü yağlarının istehsalı 48,2 %, neft bitumunun istehsalı isə 2,1 % azalıb.

Həmçinin, hesabat dövründə ölkədə 225,8 min ton maye qazlar, 690,7 min ton ağ neft, 240,8 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 32,2 %, neft koksunun istehsalı 31,3 %, ağ neftin istehsalı isə 22,9 % artıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.