Şəkərli diabet (şəkər xəstəliyi) bir çox hallarda heç bir əlamət göstəricisi olmadan illərlə orqanizmdə səssiz şəkildə inkişaf edə bilər. Belə ki, insan özünü sağlam hesab etdiyi halda, xəstəlik tədricən ürək, böyrəklər və gözlər kimi həyati orqanlara ciddi zərər vurmağa başlayır.
Mütəxəssislər bildirirlər ki, bu gizli gedişatı yalnız qanda şəkər səviyyəsinin müntəzəm ölçülməsi ilə vaxtında aşkar etmək mümkündür. Onların fikrincə, ildə ən azı bir dəfə aparılan sadə qan analizi həyatları xilas edə bilər.
Daxili xəstəliklər üzrə mütəxəssis, həkim Harun Yerhan qeyd edib ki, Türkiyədə əhalinin təxminən 15 faizi şəkərli diabetlə yaşayır. Onun sözlərinə görə, şəkərli diabet və onun fəsadları dünyada demək olar ki, hər 6 saniyədə bir insanın ölümünə səbəb olur ki, bu da xəstəliyin nə qədər ciddi olduğunu açıq şəkildə göstərir.
Xəstəliyin gizli şəkildə irəlilədiyini vurğulayan həkim bildirib ki, şəkərli diabet uzun müddət əlamət verməyə bilər. Məhz bu səbəbdən ildə ən azı bir dəfə qan şəkərinin yoxlanılması vacibdir. Vaxtında aşkarlanmadıqda isə xəstəlik ürək-damar problemləri, böyrək çatışmazlığı və göz xəstəlikləri kimi ağır fəsadlara yol aça bilər.
Şahnigar Əhmədova, “İki sahil”