19 yanvar 2026 19:24
108

Naxçıvanda 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar sərgi açılıb

Yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan “Şanlı tariximizin qəhrəmanlıq salnaməsi” adlı sərgi təşkil edilib.

“İki sahil” xəbər verir ki, sərgidə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov, dövlət və hökumət nümayəndələri, Ali Məclisin deputatları, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri, təhsil müəssisələrinin müəllim, tələbə və kursant heyəti iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva tədbiri açaraq, 20 Yanvar faciəsinin baş vermə səbəbləri və ağır nəticələrindən bəhs edib, Ümummilli Lider Heydər Əliyevin bu qanlı faciəyə ilk dəfə siyasi-hüquqi qiymət verməsindən danışıb.

Sonra sərgiyə baxış olub. Məlumat verilib ki, sərgidə 14 rəssamın 20 Yanvar faciəsini özündə əks etdirən 30 rəsm əsəri nümayiş olunur.