21 yanvar 2026 15:31
106

Türkiyə universiteti Qarabağ şəhidlərinin ailələrinə təqaüd AYIRDI

Ankara Sosial Elmlər Universitetinin (ASBÜ) Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) Kampusu Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri üçün mühüm qərar qəbul edib.

“İki sahil” xəbər verir ki, ASBÜ KKTC Rektoru Prof. Dr. Enver Arpanın sədrliyi ilə 16 yanvar 2026-cı il tarixində keçirilən ASBÜ KKTC Kampusu İdarə Heyətinin iclasında, 2026/01-08 saylı qərara əsasən Qarabağ müharibəsi şəhidlərinin övladları və həyat yoldaşlarına 100 faiz təqaüd verilməsi təsdiqlənib.

Məsələ ilə bağlı açıqlama verən ASBÜ KKTC-nin rektoru Prof. Dr. Enver Arpa bildirib ki, Azərbaycan Qarabağda mütləq qələbə qazanaraq ərazilərini işğaldan azad edib. Onun sözlərinə görə, bu qələbə təkcə Azərbaycanın deyil, bütün türk dünyasının zəfəridir. Rektor vurğulayıb ki, ASBÜ KKTC Qarabağ Zəfərini öz zəfəri kimi qəbul edir və bu müqəddəs amal uğrunda canından keçən şəhidlərin əziz xatirəsini daim ehtiramla yad edir. Prof. Dr. Enver Arpa qeyd edib ki, universitet fəaliyyətini “bir millət, üç dövlət” anlayışı əsasında davam etdirir.

“ASBÜ KKTC Kampusu İdarə Heyəti olaraq bu duyğu və düşüncələrlə Qarabağ müharibəsi şəhidlərimizin övladları və həyat yoldaşları üçün təhsil imkanlarının yaradılması barədə qərar qəbul etdik. Məqsədimiz onların ən yaxşı və keyfiyyətli təhsil almasına töhfə verməkdir”,- deyə rektor əlavə edib.

Qeyd edək ki, təqaüddən yararlanmaq istəyən namizədlər [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə və ya ASBÜ KKTC-nin rəsmi internet saytında yerləşdirilən beynəlxalq tələbələr üçün qəbul şərtləri bölməsindən ətraflı məlumat əldə edə bilərlər.