21 yanvar 2026 20:00
95

ABŞ dünyada dayanıqlı sülh üçün Azərbaycanla əməkdaşlığa hazırdır

Ölkəmizin sülhə, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir ki, yeni dünya düzəninin formalaşmasında, yeni çağırışlara cavabların tapılmasında Azərbaycan yaxından iştirak edir

Regionda aparıcı ölkə, söz sahibi olan Azərbaycan həm də dünyada sülhü və təhlükəsizliyi təşviq edən, bu istiqamətdə real addımlar atan dövlət kimi tanınır. Respublikamızın mədəniyyətlər və sivilizasiyalar arasındakı dialoqa verdiyi töhfələr də bu məqsəddən irəli gəlir. Habelə müxtəlif vaxtlarda rəsmi Bakı özünün barışdırıcılıq missiyası ilə dost və tərəfdaş dövlətlər arasında meydana çıxan ziddiyətlərin aradan qaldırılmasına nail olub. Respublikamız daim dünyada sülhyaratma prosesinə böyük töhfələr verir, bu istiqamətdə səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktiki fəaliyyəti ilə qlobal səviyyədə təhlükəsizliyin təmin olunmasında fəal rol oynayır. Respublikamız təmsil olunduğu müxtəlif platformalarda da bu məqsədlə real effektiv nəticələri olan fəaliyyət həyata keçirib. Hələ bir neçə il əvvəl BMT Təhlükəsizlik Şurasına üzvlüyü və sədrliyi dövründə  Azərbaycan əsas diqqətini dünyanın müxtəlif yerlərindəki konfliktlərin aradan qaldırılmasına yönəltmişdi. Deyilənlərə başqa bir misal olaraq Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə gördüyü işləri göstərmək olar. Azərbaycanın bu təşkilata sədrliyi çox çətin bir vaxta, bütün dünyada COVID pandemiyasının tüğyan etdiyi dövrə təsadüf etdi. Buna baxmayaraq Prezident İlham Əliyev Qoşulmama Hərəkatını COVID pandemiyası uğrunda mübarizəyə uğurla səfərbər etdi. COVID pandemiyası zamanı Azərbaycan 80-dən çox ölkəyə maddi və humanitar dəstək göstərdi.

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda (WEF) Prezident İlham Əliyevin iştirakı və səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan bu gün yalnız regional deyil, qlobal siyasi-iqtisadi gündəmin də fəal iştirakçısıdır. Prezident İlham Əliyevin Forumun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasındakı çıxışı Azərbaycanın mövqeyinin aydın, ardıcıl və prinsipial olduğunu bir daha nümayiş etdirdi. Ölkə başçısının müharibədən sonra regiondakı reallıqlarla bağlı səsləndirdiyi fikirlər xüsusilə diqqət çəkib. Belə ki, Prezident müharibədən sonra yeni reallıqların yarandığını və bu reallıqlar üzərində dayanıqlı sülh üçün rəsmi Bakının konkret addımlar atdığını vurğulayıb. Bu yanaşma Azərbaycanın regionda uzunmüddətli sabitliyin tərəfdarı olduğunu göstərir. Həmçinin Davos tribunasından səslənən mesajların mühüm tərəfi ondan ibarət idi ki, sülh yalnız siyasi istiqamətlərlə məhdudlaşmır. Prezident İlham Əliyev açıq şəkildə bildirib ki, sülh iqtisadi əməkdaşlıq, nəqliyyat bağlantıları və regional inteqrasiya deməkdir. Bu isə Azərbaycanın sülh gündəliyinin real və praktik məzmun daşıdığını, kağız üzərində qalmadığını göstərir.

Azərbaycanın sülhə, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir ki, yeni dünya düzəninin formalaşmasında, yeni çağırışlara cavabların tapılmasında məhz ölkəmiz yaxından iştirak edir. Yanvarın 21-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktubu deyilənləri bir daha təsdiqləyir. Məktubda qeyd olunub: “Hörmətli cənab Prezident. Sizi - Azərbaycan Respublikasının Prezidentini Yaxın Şərqdə sülhü möhkəmləndirmək üçün, eyni zamanda, qlobal münaqişənin həll olunmasına yeni yanaşma üsuluna qədəm qoymaq yolunda son dərəcə mühüm əhəmiyyət daşıyan tarixi və möhtəşəm səyimizə qoşulmağa dəvət etməkdən böyük şərəf duyuram”.

ABŞ Prezidenti D.Tramp, həmçinin qeyd edib ki, Şuranın Sədri kimi, Azərbaycan Respublikasını təsisçi üzv dövlət qismində qoşulmağa və Sülh Şurasının Nizamnaməsinə tərəf olmağa rəsmi şəkildə dəvət edir. Prezident İlham Əliyev ünvanladığı cavab məktubunda Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycan Respublikasını dəvət etdiyinə görə ABŞ Prezidenti D.Trampa minnətdarlığını bildirib. Məktubda deyilir: “Bu dəvəti Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul edirəm. Azərbaycan Respublikası Sülh Şurasına qoşularaq, onun Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz və rifahlı gələcək qurulması kimi nəcib missiyasını paylaşacaq. İnanıram ki, Sülh Şurası səmərəli beynəlxalq təşkilat olub, öz missiyasını uğurla yerinə yetirəcək. Sizin müdrik liderliyinizə və sülh quruculuğu səylərinizə səmimi təqdirimi qəbul edin. Sizə Sülh Şurasının Sədri vəzifənizdə uğurlar arzu edirəm”.

Göründüyü kimi, Prezident İlham Əliyev və onun amerikalı həmkarı Donald Tramp arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlıq üçün güclü zəmin yaradıb. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlar liderlər səviyyəsində aparılan dialoqun səmərəliliyini və gələcəyə yönəlmiş mahiyyətini bir daha təsdiqləyir. Xatırladaq ki, Donald Tramp hələ birinci prezidentliyi dövründə Azərbaycanla dostluq və əməkdaşlığın möhkəmlənməsinə xüsusi diqqət yetirib. O dövrdə formalaşan qarşılıqlı etimad bu gün ikitərəfli əlaqələrin yeni mərhələyə keçidi üçün əsaslı zəmin rolunu oynayır. İkitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər, xüsusilə enerji və təhlükəsizlik sahələrindəki təşəbbüslər tərəfdaşlığın praktik nəticələrə yönəldiyini və qarşılıqlı fayda prinsipinə əsaslandığını göstərir. Bu kontekstdə həm liderlərin iradəsi, həm də xalqlar arasında dostluq ənənələri Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələdə daha da dərinləşdiyini göstərir.

Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda 30 ilə yaxın davam edən münaqişəni tarixin arxivinə gömən və təkrarlanmamasına zəmanət verən diplomatik əhəmiyyətə malik bir sənəd oldu. Bu sənəd Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsinin beynəlxalq müstəvidə siyasi təsdiqi idi. İrəvan 10 noyabr kapitulyasiya aktı ilə üzərinə götürdüyü öhdəliklərə sadiq qaldığını Vaşinqtonda nümayiş etdirdi. Birgə Bəyannamə Azərbaycanı özünün strateji hədəflərinə daha da yaxınlaşdırdı. Həmçinin bu sənəd Zəngəzur dəhlizini icra vəziyyətində olan layihə halına gətirdi. Səfər zamanı Azərbaycan və Ermənistan sülh gündəliyi ilə yanaşı, ölkəmiz ilə ABŞ arasında strateji tərəfdaşlığın gücləndirilməsi məsələləri xüsusi müzakirə mövzusu oldu. Hələ 2024-cü ilin noyabrın 5-i ABŞ-da keçirilən prezident seçkilərindən 3 ay öncə Şuşada keçirilən Qlobal Media Forumunda ABŞ-dakı seçkilərlə bağlı jurnalistin sualını cavablandırarkən Prezident İlham Əliyev böyük uzaqgörənlik və cəsarət nümayiş etdirərək o zaman prezidentliyə namizəd olan D.Tramp haqqında müsbət fikirlər söyləyərək dövlət başçısı kimi onun namizədliyini dəstəkləmişdi. D.Tramp ABŞ Prezidenti seçildikdən sonra iki ölkə arasında münasibətlərin inkişafında yeni dövr yarandı. ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Prezident İlham Əliyevlə Prezident Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq bu səfər çərçivəsində Prezident Tramp tərəfindən “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalandı.

Sevinc Azadi, “İki sahil”