ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı münaqişənin nizamlanması Avropanın məsuliyyətidir və Birləşmiş Ştatlar bu prosesdə iştirak etməməlidir.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, o, bu mövqeyini Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı çıxışında səsləndirib.
“Onlar bizim etdiklərimizi qiymətləndirmirlər. Mən NATO-dan danışıram, mən Avropadan danışıram. Ukrayna ilə onlar məşğul olmalıdır, biz yox. ABŞ çox uzaqdadır, bizi böyük və gözəl okean ayırır, bunun bizə heç bir aidiyyəti yoxdur”, - deyə Donald Tramp vurğulayıb.
ABŞ prezidenti bir daha bəyan edib ki, əgər 2022-ci ilin fevralında münaqişə başlayanda prezident postunda o olsaydı, döyüşlərə yol verməzdi. Onun sözlərinə görə, həmin vaxt hakimiyyətdə demokrat Co Baydenin olması münaqişənin alovlanmasına səbəb olub.
“Bu, heç vaxt başlamamalı olan bir müharibədir və əgər 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkiləri saxtalaşdırılmasaydı, o, ümumiyyətlə baş verməzdi. Bu, saxtalaşdırılmış seçkilər idi”, — deyə Donald Tramp qeyd edib.