21 yanvar 2026 22:29
111

Avropa Parlamenti Aİ-MERCOSUR sazişinin hüquqi təftişi üçün Avropa Ədalət Məhkəməsinə müraciət edib

Avropa Parlamenti Avropa İttifaqı (Aİ) ilə MERCOSUR ölkələri arasında imzalanmış azad ticarət sazişinin Avropa Ədalət Məhkəməsi tərəfindən hüquqi baxımdan yoxlanılması barədə qərar qəbul edib.

“İki sahil” “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Strasburqda keçirilən səsvermədə 334 deputat qərarın lehinə, 324 nəfər əleyhinə səs verib, 11 deputat bitərəf qalıb. Qərara əsasən, parlamentin sədri Avropa Ədalət Məhkəməsinə müraciət edərək sazişlə bağlı rəsmi hüquqi rəy bildirməsini istəyəcək. Avropa Ədalət Məhkəməsinin rəyinin bir neçə ay ərzində açıqlanacağı gözlənilir.

Təşəbbüs əsasən solçular və “Yaşıllar” fraksiyasının deputatları tərəfindən irəli sürülüb. Onlar sazişin iki hissəyə bölünməsini tənqid edərək bunun milli parlamentlərin səlahiyyətlərindən yan keçilməsi anlamına gəldiyini bildiriblər. Eyni zamanda, istehlakçıların müdafiəsi, ətraf mühit və heyvan rifahı sahəsində Aİ standartlarının zəiflədilə biləcəyindən narahatlıq ifadə olunur.

Almaniya Kansleri Fridrix Merts sazişin müvəqqəti tətbiqinin mümkünlüyünü müdafiə edib və parlamentin qərarını “təəssüfdoğuran” adlandırıb.

Sosial Demokratlar Partiyasının funksioneri Rene Repasi məhkəməyə müraciətin sazişin parlament təsdiqi olmadan müvəqqəti qüvvəyə minməsinə yol aça biləcəyi barədə xəbərdarlıq edib. “Greenpeace” təşkilatı isə belə bir addımı antidemokratik adlandırıb.

Qeyd edək ki, MERCOSUR ölkələri - Braziliya, Argentina, Paraqvay və Uruqvay ilə Aİ arasında saziş 25 ildən artıq davam edən danışıqlardan sonra bir neçə gün əvvəl Paraqvayda imzalanıb.