22 yanvar 2026 10:45
210

Ermənistan Xarici Kəşfiyyat Xidməti dini-mədəni qurumları təhdid hesab edir

Ermənistan Xarici Kəşfiyyat Xidməti hesab edir ki, dini-mədəni qurumlar və bu qurumların nümayəndələri Ermənistan üçün təhdid təşkil edir.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, bu yaxınlarda Kristin Qriqoryanın rəhbərlik etdiyi qurum Ermənistanın xarici risklərinə dair 2026-cı il üzrə illik hesabatını dərc edib.

KİV bildirib ki, hesabatın son səhifələrində “Agentura şəbəkəsinin, təsir agentlərinin, biznes adı altında siyasətlə məşğul olan digər aktorların, dini-mədəni qurumların və onların ictimai tanınmış nümayəndələrinin fəallaşması” bölməsi ayrıca qeyd olunub. Müəllif yazıb ki, həmin bölməyə əsasən, 2025-ci il ərzində artıq Ermənistanın daxili siyasi proseslərinə xarici müdaxilələrin artması qeydə alınıb.

“Qeyd olunan alətlər toplusuna həm Ermənistanda fəaliyyət göstərən agentura şəbəkəsinin və dəstəklənən qüvvələrin fəallaşdırılması, həm də Ermənistanın daxili siyasi həyatında xarici qüvvələrlə əlaqəli yeni siyasi güclərin yetişdirilməsi istiqamətində atılan addımlar (siyasi mühəndislik) daxildir”, - deyə hesabatda bildirilir.

Nəşr qeyd edib ki, Ermənistan Xarici Kəşfiyyat Xidməti bu fəallaşmanı Ermənistanda seçkiöncəsi proseslərlə əlaqələndirir və çox ehtiyatlı şəkildə ruhaniləri “xarici agentlər” kimi qiymətləndirir.

“Seçkiöncəsi dövrdə xarici qüvvələr tərəfindən yetişdirilən və istifadə olunan aktorlar arasında digər dövlətlərin hakim dairələri ilə birbaşa və ya dolayısı ilə bağlı olan iş adamları, dini-mədəni xadimlər və mütəşəkkil cinayətkarlıq elementləri xüsusi yer tutur. Bu aktorlar seçkiöncəsi və seçkidən sonrakı dövrlərdə, eləcə də birbaşa səsvermə günü ictimai itaətsizlik aksiyaları pərdəsi altında sabotaj fəaliyyətinin təşkilinə cəlb oluna bilərlər’, - deyə hesabatda vurğulanır.

“Belə çıxır ki, hakimiyyət seçkiöncəsi dövrdə kilsəni təhdid kimi görür, məhz buna görə də Erməni Apostol Kilsəsinə qarşı kampaniya və ruhanilərə qarşı təzyiqlər başlayıb”, - deyə nəşr bildirib.