Bu gün dekarbonizasiya investisiyalar uğrunda mübarizədə iqtisadiyyatın digər sektorlarına, ilk növbədə sürətli və aydın kapital qaytarma dövrü olan yüksək texnologiyalı sahələrə uduzur.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Dünya İqtisadi Forumu 2026-nın (WEF 2026) çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, vəziyyətin obyektiv qiymətləndirilməsi üçün enerji keçidini həm sektorlararası, həm də sektordaxili baxımdan nəzərdən keçirmək lazımdır.
"Əgər sahələrarası rəqabətdən danışsaq, son iki il ərzində digər sahələrdən olduqca güclü təzyiq müşahidə edirik. Bu gün investorlar üçün ən cəlbedici sahələr süni intellekt və nəhəng həcmdə elektrik enerjisi istehlak edən data mərkəzləridir. İki il əvvəlki hesablamalarımız və proqnozlarımız süni intellekt və məlumat emalı mərkəzləri tərəfindən elektrik enerjisinə tələbatın bu qədər kəskin artımını nəzərə almırdı. Nəticədə, bu sahələrdəki layihələrin maliyyələşdirilməsi çox asanlıqla cəlb edilir: maliyyə institutları, banklar, özəl və böyük investorlar həvəslə belə sövdələşmələrə gedirlər. Fikrimcə, sahələrarası rəqabət şəraitində, dekarbonizasiya məğlub olur", - deyə SOCAR-ın rəhbəri bildirib.
O, həmçinin qeyd edib ki, enerji sektorunun daxilində kapital ilk növbədə zəmanətli və ya dəqiq proqnozlaşdırıla bilən pul axınları olan seqmentlərə yönəldilir.
"İnvestisiyalar başa düşülən kommersiya modeli olan yerlərə gedir, məsələn, elektrik enerjisinin alqı-satqısı haqqında müqavilələrə (PPA). Günəş və ya külək enerjisinə, elektromobillərə və ya akkumulyatorlara sərmayə qoymaq olar - bu istiqamətlər üzrə davamlı tələbat və layihələrin aydın iqtisadiyyatı mövcuddur. Eyni zamanda, maliyyə institutları baxımından kifayət qədər kommersiya cəlbediciliyinə malik olmayan dekarbonizasiyanın digər seqmentləri kəskin investisiya çatışmazlığı yaşamağa davam edir", - deyə R. Nəcəf əlavə edib.
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
Vüsal Qasımlı: Qeyri-neft ixracını 2021-ci illə müqayisədə bu il 1,2 dəfə artırmalıyıq
SOCAR-ın rəhbəri enerji keçidinin maliyyələşdirilməsində kompleks yanaşmaya çağırıb