İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı bildirib ki, Mərkəz ötən il Dövlət proqramlarının icrasının monitorinq və qiymətləndirilməsi üzrə 32 hesabat hazırlayıb, 100-dən çox tədbir icra edib. Hazırda İİTKM-in monitorinq və qiymətləndirməsini apardığı strateji siyasət sənədlərinin sayı 24-dür.
Mərkəz tərəfindən Dövlət proqramı idarəetməsi üzrə vahid elektron hesabatlılıq portalı yaradılıb, 200-dən çox dövlət qurumunun məlumatları bu sistemə daxil edilib, indikator əsaslı planlaşdırma üzrə 260-dan artıq görüş keçirilib. Monitorinq mexanizmlərinin rəqəmsallaşdırılması Dövlət proqramlarının icrasına operativ nəzarət imkanlarını əhəmiyyətli dərəcədə gücləndirib.

V.Qasımlı məlumat verib ki, İİTKM Dövlət proqramlarının icrasının daha sistemli izlənilməsi məqsədilə “Layihə idarəetməsi” modulu yaradıb: “Modul vasitəsilə təxminən 1500 layihənin icrası monitorinq və qiymətləndirmə prosesinə cəlb edilib ki, bu da risklərin vaxtında müəyyənləşdirilməsinə və qərarvermənin keyfiyyətinin yüksəldilməsinə imkan verir. Dövlət proqramı idaəetməsində tətbiq etdiyi yeniliklərlə İİTKM Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Asiya regionunda fəaliyyət göstərən nüfuzlu media qurumları və beyin mərkəzləri tərəfindən 10-dan artıq beynəlxalq mükafata layiq görülüb.”
İcraçı direktor qeyd edib ki, 2025-ci ildə Mərkəzin “Azexport.az” platforması üzərindən ixrac sifarişlərinin sayı 3200-ə çatıb, 763 sahibkara sərbəst satış sertifikatı təqdim olunub: “"Enterprise Azerbaijan" portalında 141 startap və 15 ölkə üzrə iştirak qeydə alınıb. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinə isə 3451 sahibkar müraciəti daxil olub. Mərkəzin elmi-analitik fəaliyyəti çərçivəsində 12 "İxrac icmalı", yeddi "İslahat icmalı", 106 videoicmal, 44 həftəlik icmal, səkkiz dildə "Türk iqtisadi icmalı"nın dörd sayı, "İqtisadi islahatlar" jurnalının iki buraxılışı, yeddi kitab nəşr olunub, eləcə də "Scopus" və "Web of Science" bazalarında indekslənmiş 17 elmi məqalə dərc edilib.”
Bildirilib ki, İİTKM-in İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və CAREC İnstitutu ilə əməkdaşlığı nəticəsində "Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi" (The Middle Corridor: Navigating Current Realities and Embracing Future Prospects) adlı kitab Rumıniyada, "İslam ölkələrinin iqtisadi potensialı" (The Economic Potential of Islamic Countries) adlı ikicildlik tədqiqat əsəri isə Böyük Britaniyanın nüfuzlu "Emerald" nəşriyyatı tərəfindən çap edilib.
Bunlarla yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə birgə "Halal iqtisadiyyat", Bakı Dövlət Universiteti (BDU) ilə birgə Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində "İctimaiyyətlə əlaqələrin əsasları", Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və "Azərbaycan Sığortaçılar Assosiasiyası" ilə birgə "InsurTech" adlı dərs vəsaitləri nəşr olunub. İnsan resurslarının inkişafı məqsədilə Mərkəzin əməkdaşlarının 40-dan çox beynəlxalq təlimdə iştirakı təmin olunub, 570 könüllü proqramlara cəlb edilib. Beynəlxalq əməkdaşlıq çərçivəsində 56 beynəlxalq tədbir və təqdimat həyata keçirilib.

Jurnalistlərin suallarını cavablandıran Vüsal Qasımlı bildirib ki, "Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda qarşıya qoyulan məqsədlərdən biri də bundan ibarətdir ki, qeyri-neft ixracını 2021-ci illə müqayisədə 2026-cı ildə 1,2 dəfə artırmalıyıq: “Bu o deməkdir ki, biz bir ildə qeyri-neft ixracını 10-15% artırsaq, 2026-cı ildə məqsədimizə nail olacağıq. İndiyə qədərki dinamika onu göstərir ki, Azərbaycan bu məqsədə nail olmağa çox yaxınlaşıb: "Yəni, bu il biz qeyri-neft ixracında təxminən 10-15 %-lik artıma nail olsaq, o zaman 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft ixracında 1,2 dəfə artım qeydə alınacaq.
Qeyri-neft ixracının strukturu ilə bağlı məsələ bizi çox maraqlandırır. Biz çalışırıq ki, qeyri-neft ixracının stukrunda daha çox əlavə dəyər yaradan, dəyər zəncirində daha çox dərinə gedən məhsulların, xüsusən də xammal və yarımfabrikatdan daha çox hazır məhsulun ixracına nail olaq. Bu nöqteyi-nəzərdən Azərbaycanın xüsusən neft-kimya sənayesi öndə gedir. Eyni zamanda, bu istiqamətdə metallurgiya məhsullarını da qeyd etmək olar".
V. Qasımlı vurğulayıb ki, burada söhbət təkcə əmtəənin ixracından getmir, həm də xidmətlərin ixracından gedir: "Məsələn, tədiyə balansına baxsaq görərik ki, bizim son illər ən ciddi ixrac istiqamətlərimizdən biri nəqliyyat xidmətləridir. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində, haba çevrilməsində ölkənin nəqliyyat xidmətləri ixracı əhəmiyyətli şəkildə genişləndirilmişdir. Hətta nəqliyyat xidmətləri ixracı Azərbaycanın əmtəə ixracı ilə müqayisə olunan bir həddə gəlib. İkinci xidmət ixracı ilə bağlı turizmi qeyd edə bilərik. Ötən il bu sahədə müəyyən dərəcədə azalmalar olsa da, amma ümumilikdə bu sahənin böyük bir perpektivi var. Düşünürəm ki, 2026-cı ildə biz turizm xidmətlərinin ixracı sahəsində də daha böyük nailiyyətlərə imza ata bilərik. Eyni zamanda maliyyə, bank, sığorta və bu kimi digər xidmətlər sahəsində ixracın genişləndirilməsi istiqamətində böyük potensialımız var ki, biz bu potensialı da istifadə etməliyik.”
Orxan Vahidoğlu, “İki sahil”
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
SOCAR-ın rəhbəri enerji keçidinin maliyyələşdirilməsində kompleks yanaşmaya çağırıb