23 yanvar 2026 00:57
81

Xankəndi sülhün, bərpanın və dirçəlişin rəmzidir

Xankəndi şəhərinin ilk sakinlərini qarşılaması Böyük Qayıdış Proqramının uğurlu icrasının növbəti təqdimatı oldu

Azərbaycan tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı yeni reallıqları yaşayır. Bu reallıqlar fonunda yeni çağırışlar səsləndirilir, onların yerinə yetirilməsi istiqamətində səylər göstərilir. 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizdən sonra dünya hərb tarixində ilkə imza atan Azərbaycan dərhal azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə start verdi. 16 noyabr 2020-ci il tarixində dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli və Cəbrayıl rayonlarına başlanan səfəri Böyük Qayıdış Proqramının uğurlu icrasından, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olacağımızdan xəbər verdi. Çünki ilk səfər zamanı görülən işlər, atılan addımlar gələcəyin aydın mənzərəsini təqdim etdi.

Zəfərimizin digər mühüm reallığı regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın qarşı tərəfə sülh təklifini etməsi oldu. Ermənistanla münasibətlərdə yeni səhifənin açılması, dayanıqlı sülhün təmin edilməsi regionun gələcək inkişafı üçün önəmlidir. Son beş ildə Azərbaycanın sülh müqaviləsinin imzalanması istiqamətində atdığı addımlar məlumdur. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn bütün öhdəliklərini yerinə yetirən ölkəmiz bunu hər zaman Ermənistandan da tələb etdi. Müxtəlif məkanlarda müxtəlif tərkibdə görüşlər keçirildi. Azərbaycanın təklif etdiyi sülh müqaviləsində beynəlxalq hüququn beş əsas prinsipi ehtiva olunub.

Artıq bu istiqamətdə ölkəmizin göqtərdiyi səylər, qətiyyət özünün uğurlu nəticəsini verdi. Belə ki, ötən ilin 8 avqust tarixində dövlət başçısı İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində əldə edilən razılaşmalar bunun təsdiqi oldu. Prezident İlham Əliyev bu günlərdə Davosda “Euronews” televiziyasına müsahibəsində də bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, bu gün Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, biz Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur. Dövlətimizin başçısı, həmçinin Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasdakı çıxışında da diqqəti tarixi sülh razılaşmasına yönəltdi. Həmin fikirlərinin davamı olaraq “Hazırda Siz gələcəyi necə görürsünüz” sualına cavab olaraq qeyd etdi ki, ötən ilin avqustunda hər iki tərəf sülh sazişini paraflamaqla və beləliklə, üç onillikdən artıq çəkən müharibə və qan tökməyə son qoymaqla tarixi nailiyyət əldə olundu. Həmin sülh sazişinin nadirliyi ondan ibarətdir ki, o, son qanlı toqquşmadan sonra iki ildən az müddətdə paraflandı. Beləliklə, bu, göstərir ki, əgər hər iki tərəfin güclü siyasi iradəsi, sülhə sadiqliyi olarsa, onda siz kifayət qədər qısa müddət ərzində barışıq əldə edə bilərsiniz. “İki və ya üç il əvvəl belə addımı tamamilə təsəvvür etmək olmazdı” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, lakin bu gün o, artıq reallıqdır. Heç nə bu prosesə müdaxilə edə bilməz. Əlavə görəcəyimiz işlər ondan ibarətdir ki, hər iki tərəf sülhdə yaşamağın nəticələrini göstərməlidir ki, biz də bu proses çərçivəsində cəmiyyətlərimizin tam dəstəyinin şahidi ola bilək: “Lakin mən çox nikbin baxıram, çünki əldə olunan nəticə, həqiqətən, Ermənistanın, Azərbaycanın və Cənubi Qafqazın xeyrinədir. O, vaxtilə çox dərin ədavəti olmuş ölkələrin əməkdaşlıq mərhələsinə gəlib çıxmasının nümunəsini özündə əks etdirir.”

Regionda dayanıqlı sülhün əldə olunmaası əməkdaşlığa geniş imkanlar açacaq. Azərbaycan hər zaman malik olduğu təbii resursları ilə dünyanın diqqətindədir. Vaxtilə neft ölkəsi kimi tanınan Azərbaycan bu gün qaz, elektrik enerjisi ixracatçısı kimi də tanınır, nüfuz qazanır. Cənab İlham Əliyev sözügedən müsahibəsində Azərbaycanın enerji sektorunda da qazandığı uğurlara, dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfələrə diqqəti yönəltdi. “Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir” deyən cənab İlham Əliyev bildirdi ki, bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Biz təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikik. Bizim bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Bizim üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir: “Baxmayaraq ki, biz qazı təkcə Avropaya satmırıq, bu yaxınlarda Suriyaya da ixrac etməyə başlamışıq. Ancaq qiymət baxımından ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır.”

Azərbaycan bu gün yaşıl enerjiyə keçid prosesi ilə diqqətdədir. Ölkəmizin bərpaolunan enerji potensialına malik olması bu sahədə də əməkdaşlığa geniş imkanlar yaradır. Bu günlərdə “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində bu reallıqlar bir daha diqqətə çatdırıldı ki, bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir. Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Bu günə qədər Qaradağ rayonunda, bu gün isə Xızı, Abşeron rayonlarında açılıb. Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Xəzər dənizinin potensialına gəldikdə isə Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq.

Dövlət başçısı İlham Əliyev həmin mərasimdə bu hədəfi də açıqladı ki, imzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Əgər biz su elektrik stansiyalarının potensialını əlavə etsək, potensialımız daha da böyüyəcək. Son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur. Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib.

Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərimizin malik olduğu potensial gələcəkdə Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində əhəmiyyətli rol oynayacaq. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də bütün bu hədəflər öz əksini tapıb. Azad edilmiş ərazilərimizin hər biri özünəməxsus potensiala malikdir. Bu torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində də onlardan səmərəli istifadənin təmin edilməsi üçün mühüm addımlar atılır. Yeni sənaye müəssisələri yaradılır. Bu ərazilərdə yüksək yaşayışın təmin edilməsi əsas hədəfdir.

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, bugünümüzün əsas çağırışı Qarabağın və Şərqi Zəngəzurun bərpası, soydaşlarımızın bu torpaqlara mərhələ-mərhələ qayıdışıdır. Bu günlərdə Prezident İlham Əliyev Ağdərə rayonuna səfəri zamanı Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşündə bu rəqəmi diqqətə çatdırdı ki, bu gün artıq 73 min insan - həm keçmiş köçkün, həm də ki, köçkün olmayan, amma azad edilmiş ərazilərdə işləyənlər, çalışanlar, oxuyanlar yerləşiblər və hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır.

Böyük Qayıdış Proqramı uğurla icra edilir. Proqramın birinci mərhələsi üçün əsas hədəf 140 min keçmiş məcburi köçkünün qayıdışının təmin edilməsidir. Qısa zamanda görülən genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda soydaşlarımızın qayıdış ünvanlarının sayında artım hər birimizi qürurlandırır. Prezident İlham Əliyevin mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfərləri çərçivəsində bu torpaqlara qayıdan sakinlərlə görüşləri qürurverici məqamlardandır. Qeyd etdiyimiz kimi, tarixi Zəfərimizdən dərhal sonra başlanan bərpa-quruculuq işləri, icra edilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində ilk olaraq sakinlərinə qovuşan Zəngilanın Ağalı kəndindən başlayan köç prosesi hazırda davamlılığı ilə diqqətdədir. Prezident hər bir müsahibəsində, çıxışında, beynəlxalq əhəmiyyətli tədbirlərdə daim diqqəti Böyük Qayıdış Proqramına əsasən görülən işlərə və soydaşlarımızın mərhələ-mərhələ bu torpaqlara köçməsinə yönəldir. Birinci mərhələdə 8 şəhərin və 100 kəndin yenidən qurulması əsas hədəf kimi qarşıya qoyulub. Artıq bu məqsədin reallığa çevrildiyi göz qabağındadır. Belə ki, 2026-cı ilin ilk ayında, yanvarın 21-də sakinlərinə qovuşan Laçın, Füzuli, Xocalı, Şuşa, Cəbrayıl, Kəlbəcər, Ağdam şəhərlərinin sırasına Xankəndi şəhəri də daxil oldu. Xankəndi şəhərinə ilk köç bölgədə həyatın bərpası və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində mühüm mərhələ kimi dəyərləndirilir. 2023-cü ilin sentyabrında suverenliyimizin tam bərpasından ötən qısa zamanda Xocalıda, Xankəndidə, Ağdərədə, Xocavənddə görülən işlərin miqyası təbii ki, bu ərazilərə soydaşlarımızın qayıdışında özünün aydın ifadəsini tapır. Artlq Xocalı şəhəri ilə yanaşı, Xankəndi də sakinlərini qarşıladı. Böyük Qayıdış Proqramı çərçivəsində 2026-cı ilədək dövr üçün nəzərdə tutulan 8 şəhərə qayıdış artıq reallığa çevrilib. Təbii ki, bu, Azərbaycanın iqtisadi və maliyyə imkanlarının, eyni zamanda, qurucu xalq olduğumuzun təqdimatıdır. 30 illik işğal dövründə daim bu əminlik ifadə edilirdi ki, tezliklə Bayrağımız Qarabağda, Şuşada, Xankəndidə dalğalanacaq. Bu gün isə böyük qürur hissi ilə qeyd edirik ki, bu torpaqlarda Bayrağımız dalğalanır, Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız qayıdışın sevincini yaşayır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, biz əyilmədik, iradəmizi göstərdik və döyüş meydanında həm şəhidlərimizin qisasını aldıq, həm də torpaqlarımızı qaytardıq. Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Müharibələr, münaqişələr olub, bu gün də davam edir. Amma heç biri tam və mütləq Qələbə ilə nəticələnməyib. Ancaq biz böyük xalq olaraq buna cəmi 44 gün ərzində nail olduq.

Təbii ki, beş ildə, həmçinin suverenliyimizin bərpasından ötən ötən iki ildən artıq dövrdə bu torpaqlarda görülən işlərin hamısını bir yazı çərçivəsində sadalamaq mümkün deyil. Bu gün Şuşanın, Xankəndinin timsalında qürurla qeyd edirik ki, azad edilmiş ərazilərimiz beynəlxalq tədbirlər üçün ideal məkana çevrilib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ötən il Xankəndi şəhəri Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi etdi. Dövlət başçısı İlham Əliyev Forumun iştirakçılarına müraciətində qeyd etdi ki, Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun Xankəndi şəhərində keçirilməsi xüsusi məna daşıyır. Uzun illər işğal altında qalmış bu şəhər bu gün sülhün, bərpanın və dirçəlişin rəmzidir. Xankəndidə icra olunan infrastruktur layihələri şəhərin müasir, ağıllı və innovativ şəhər konsepsiyasına uyğun inkişafını təmin edir.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü layihələr, qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit yerli əhali üçün dayanıqlı yaşam imkanları yaradır və şəhərlərin dayanıqlı inkişafına xidmət edir.

Yeganə Əliyeva, “İki sahil”