22 yanvar 2026 14:57
113

Davosdan strateji mesajlar: sülh, sabitlik və tərəfdaşlıq yeni perspektivlərə hədəflənib

Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin transformasiyalara dair aydın və prinsipial yanaşmanı ortaya qoyur. Qlobal güc balansının sürətlə dəyişdiyi, beynəlxalq hüququn selektiv şəkildə tətbiq olunduğu mürəkkəb mərhələdə dövlətlərin taleyini müəyyən edən əsas amil artıq yalnız normativ mexanizmlər deyil, real siyasi və iqtisadi potensial olduğu bir daha təsdiqlənir.

Dövlətimizin başçısı sözügedən müsahibədə bildirib ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Belə şəraitdə əsas strateji xətt milli maraqlara söykənərək konkret nəticələr əldə etmək, eyni zamanda hüququn prinsiplərinə sadiq qalmaqdan ibarətdir. Son illərdə həyata keçirilən bütün addımlar – istər siyasi sabitliyin möhkəmləndirilməsi, istər suverenliyin və ərazi bütövlüyünün tam bərpası məhz beynəlxalq hüquqa və ümumbəşəri dəyərlərə uyğun şəkildə reallaşdırılıb.

Müsahibədə Prezident İlham Əliyev qeyd edib ki, beynəlxalq münasibətlər artıq yeni eraya daxil olur. Bu mərhələdə prosesləri bəzən qanunun aliliyindən daha çox güc amili tənzimləyir. Dünyanın müxtəlif regionlarında müşahidə edilən münaqişələr və ikili standartlar bunu açıq şəkildə nümayiş etdirir. Belə bir mühitdə hər bir dövlət öz strategiyasını mövcud imkanlarına uyğun qurmalı, ilk növbədə yaxın coğrafiyada, daha sonra isə qlobal miqyasda etibarlı tərəfdaşlıq mühiti formalaşdırmalıdır. Məhz həmin praqmatik yanaşma nəticəsində ölkə həm regionda sabitliyin təşəbbüskarına, həm də beynəlxalq platformalarda etibarlı tərəfdaşa çevrilib. Mütərəqqi diplomatiya müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmağa və çoxşaxəli xarici siyasət yürütməyə şərait yaradıb.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın dövlətimizin başçısına təqdim olunması da həyata keçirilən siyasətə beynəlxalq səviyyədə verilən yüksək dəyər kimi qiymətləndirilir. Bu mükafat uzun illər davam edən münaqişə və qarşıdurmalardan sonra Qafqazda sülhün bərqərar olması istiqamətində göstərilən səylərin təsdiqi hesab olunur.

Bu gün region yeni mərhələyə qədəm qoyur. Münaqişə və gərginlik mühitindən çıxaraq sülh şəraitinə uyğunlaşmaq cəmiyyət üçün həm mənəvi, həm də sosial-iqtisadi baxımdan mühüm dönüş nöqtəsidir. Ermənistanla münasibətlərin tədricən əməkdaşlıq müstəvisinə keçməsi, nəqliyyat və ticarət məhdudiyyətlərinin aradan qaldırılması, enerji daşıyıcılarının təchizatı kimi addımlar qarşılıqlı etimadı artıran real mexanizmlərdir. Həmin proseslər göstərir ki, sülh yalnız siyasi bəyanat deyil, praktik addımların məntiqi nəticəsidir.

Müsahibədə Prezident İlham Əliyev vurğulayıb ki, ölkə daxilində potensial risklər mövcud deyil. İctimai-siyasi sabitlik tam təmin olunub, mövcud çağırışlar əsasən xarici mənbələrdən qaynaqlana bilər. Bu səbəbdən yaxın coğrafiyada sabitliyin qorunması milli təhlükəsizliyin əsas şərtlərindən biri kimi dəyərləndirilir. Regionda proqnozlaşdırıla bilən mühit, qarşıdurmaların azalması və əməkdaşlığın genişlənməsi həm iqtisadi inkişaf, həm də sosial rifah üçün həlledici amildir. Müharibə və işğalın ağır nəticələrini yaşamış bir cəmiyyət üçün sülhün dəyəri xüsusilə böyükdür və bu reallıq dövlət siyasətinin mərkəzində dayanır.

Müsahibənin mühüm istiqamətlərindən biri də enerji siyasəti olub. Cənubi Qafqazda neft və qaz ehtiyatlarını beynəlxalq bazarlara ixrac edən əsas aktor kimi ölkə qlobal enerji təhlükəsizliyində mühüm rol oynayır. Təbii qazın artıq 16 dövlətə, o cümlədən Avropa İttifaqının 10 üzvünə çatdırılması bunu açıq şəkildə təsdiqləyir. Müasir boru kəmərləri sistemi, zəngin resurs bazası və geniş nəqliyyat infrastrukturu etibarlı təchizatçı imicini daha da gücləndirir. Bu əməkdaşlıq Avropa üçün enerji təhlükəsizliyini artırırsa, ixracatçı tərəf üçün də sabit və premium bazarlara çıxış imkanı yaradır. Enerji diplomatiyası, beləliklə iqtisadi dividendlərlə yanaşı, siyasi etimadın möhkəmlənməsinə də xidmət edir.

Dövlətimizin başçısı Avropa Parlamentinin uzunmüddətli və əsassız tənqidlərinə münasibətini də ifadə edib. Qərəzli qərarlara artıq reaksiya vermək məqsədəuyğun hesab edilmir. Bu mövqe bəzi lobbi qruplarının təsiri ilə formalaşan ədalətsiz yanaşmaların konstruktiv əməkdaşlığa xidmət etmədiyini göstərir. Qarşılıqlı hörmət və real maraqlara əsaslanan tərəfdaşlarla işbirliyinə üstünlük verilir. Xüsusilə Avropa Komissiyası ilə əməkdaşlığın davam etdirilməsi məhz praqmatik siyasətin nümunəsidir.

Davosdan səslənən mesajlar bir daha nümayiş etdirdi ki, müasir dövrdə uğurun açarı emosional reaksiyalarda deyil, hesablanmış, milli maraqlara söykənən və uzunmüddətli strateji düşüncədədir. Hüquqa sadiqlik, siyasi realizm, regional sülh təşəbbüsləri və enerji diplomatiyası paralel şəkildə həyata keçirildikdə dövlət həm təhlükəsizliyini möhkəmləndirir, həm də beynəlxalq nüfuzunu artırır.

Formalaşan yeni mərhələ göstərir ki, dayanıqlı sabitlik və əməkdaşlıq modeli yalnız region üçün deyil, daha geniş coğrafiya üçün də nümunə kimi çıxış edir. Bu yanaşma gələcək illərdə də siyasi kursun əsas istiqaməti olaraq qalacaqdır.

Asif Əsgərov,
​Milli Məclisin deputatı