Azərbaycan Prezidenti İlham Əliyevin müsahibələri həmişə həm ölkə daxilində, həm də xaricdə maraqla qaşılanır. Davos Ümumdünya İqtisadi Fopumu çərçivəsində televiziyaya verdiyi müsahibə onlardan biridir.
Prezidentin “Eurenews” televiziyasına müsahibəsi ölkəmizin dünyanın qlobal platformalarda artan siyasi çəkisinin, nüfuzunun, dünyada formalaşan yeni reallıqlarda söz sahibi olmasının nümunəsidir. Dövlət başçımızın söylədiklərindən görünür ki, bu müffəqiyyətlər ölkələrlə hər iki tərəf üçün səmərəli iqtisadi əməkdaşlıqdan və dost münasibətlərindən formalaşıb. Digər sahələrdə də uğurlar qazanılıb. Təəssüf ki, bunları gözü götürməyən beynəlxalq təşkilatlar da var.
Prezidentin müsahibəsində əsas diqqətçəkən məqamlardan biri də Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı uzun illərdir sərgilədiyi ədalətsiz mövqe və açıq görünən ikili standartlarla bağlıdır. Dövlətimizin başçısı müsahibəsində vurğulayıb: “Artıq uzun illərdir biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq”. Bu qərar təsadüfi xarakter daşımır. Çünki Azərbaycanla bağlı obyektivlikdən uzaq, əsassız və siyasi sifariş xarakteri daşıyan qətnamələr, birtərəfli və qərəzli yanaşmalar həmin qurumlarla münasibətlərə ciddi zərbə vurub. Ona görə də həmin təşkilatlarla əlaqə dayandırılıb. Belə yaxşıdır, qoy özləri deyib özləri də eşitsinlər.
Bununla bərabər, Prezident İlham Əliyev onu da bildirdi ki, Azərbaycan Avropa Komissiyası ilə əməkdaşlığı davam etdirir. Bu fakt bir daha sübut edir ki, rəsmi Bakı dialoqa açıqdır, lakin ədalətsizliyə, ikili standartlara, şantajlara və siyasi təzyiqlərə güzəştə getmək niyyətində deyil. Azərbaycan onunla ultimatum dilində danışmağa yol vermir, təzyiqi qəbul etmir. Bu təşkilatlarda gün keçirənlər daim Azərbaycana təsir imkanlarını sınaqdan keçirirlər. İstehza doğuran məqam ondan ibarətdir ki, Ermənistanın özünün belə Azərbaycanla münasibətlərin normallaşdırılmasını və əlaqələrin qurulmasını müsbət qiymətləndirdiyi bir vaxtda Avropa Parlamentinin ölkəmizi heç vaxt atmadığı addımlarda, o cümlədən müdafiədə deyil, “təcavüzkar mövqedə” ittiham etməsi açıq-aşkar yalan və böhtandır. Bu cür yanaşma Avropa Parlamentinin özünü gülünc və dərin ziddiyyətli vəziyyətə salmasından başqa bir məna daşımır. Oradakı deputatlar və rəhbərlikdəkilər yaxşı bilirlər ki, təcavüzkar kimdir, ərazisi işğal edilən kimdir. Sadəcə Azərbaycanın İkinci Qarabağ müharibəsindəki möhtəşəm Qələbəsini, dünya çapında nüfuz qazanmasını, Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini həzm edə bilmirlər. Belə çıxır ki, oradakı diplomatlar Azərbaycanla Ermənistanın sülhə gəlməsini istəmirlər. İstədikləri tək şey Cənubi Qafqazda sakitlik, sülh və barışın olmamasıdır. Yenə müharibə olmalı, yenə qan axmalıdır. Bu, onların irsi xislətidir.
Reallıq ondan ibarətdir ki, 2025-ci ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması regionda davamlı sülh və sabitliyə doğru atılmış mühüm addımdır. İki ölkə arasında sülhün bərqərar olunmasına böyük əhəmiyyət verən ABŞ Prezidenti Donald Tramp özü xeyir-duasını bildirib. Bu fakt Azərbaycanın sülhə sadiqliyini, konstruktiv mövqe nümayiş etdirdiyini bir daha təsdiqləyir.
Vaşinqton sülh razılaşmalarından sonra Azərbaycan Ermənistanın mühüm ehtiyaclarının ödənilməsinə kömək də etdi. Qazaxıstan taxılının yaxın məsafədən aparılması üçün öz ərazisindən yol verdi. Bundan əlavə də iki dəfə qatarla yanacaq göndərdi. Nəticədə Ermənistanda yanacağın qiyməti xeyli ucuzlaşdı. Yəni iki dövlət arasında qarşılıqlı anlaşma yaranıb. Belə bir şəraitdə Avropa Parlamentinin qərəzli mövqeyi nə regionda baş verən real proseslərlə, nə də beynəlxalq hüququn fundamental prinsipləri ilə uyğun gəlir. Onlar sanki özlərini Avropanın ağası hesab edirlər. Karvansaraya döndərilmiş bu iki beynəlxalq təşkilat dövlətlərin daxili işlərinə belə təsir göstərmək niyyətindədirlər. Ancaq o günlər keçmişdə qaldı. Özünə hörmət qazanmaq istəyən başqalarına hörmət etməlidir.
Vəli İlyasov, “İki sahil”