Qeyri- neft sektorunun inkişafına mühüm töhfələr verən sənaye parkları iqtisadi inkişafı sürətləndirən mühüm vasitədir
Prezident İlham Əliyev ölkədə sənayenin inkişafını daha da sürətləndirmək məqsədilə yanvarın 15 -də daha yeni bir sənaye parkının- «Qərb Sənaye Parkının yaradılması haqqında» fərman imzalayıb. Fərmana əsasən, Gəncə şəhəri və Şəmkir rayonunun ərazisində yeni sənaye parkı fəaliyyət göstərəcək. Bu park sahibkarlara rəqabətqabiliyyətli məhsullar istehsal etmək və xidmət göstərmək üçün zəruri infrastruktur və idarəetmə mexanizmləri təmin edəcək. Burada müasir texnologiyaların tətbiqi ilə işlər səmərəli şəkildə qurulacaq və sahibkarların inkişafı üçün əlverişli şərait yaradılacaq.
Bununla da ölkədə sənaye parklarının sayı 10-a çatdırılacaq. Xatırladaq ki, hazırda Azərbaycanda Sumqayıt Kimya, Balaxanı, Qaradağ, Pirallahı, Hacıqabul, Mingəçevir, Naxçıvan, Ağdam və «Araz Vadisi İqtisadi Zonası» sənaye parkları, Neftçala, Masallı, Sabirabad və Şərur sənaye məhəllələri, həmçinin qeydiyyata alınmış 24 aqropark mövcuddur.
Ölkədə qeyri-neft sektorunun sürətli inkişafında mühüm rol oynayan sənaye parklarında innovasiya və yüksək texnoloji həllərin tətbiqi genişlənməkdədir. Dövlət tərəfindən reallaşdırılan təşviq mexanizmləri bu prosesə əlavə impuls verir. Mövcud vergi islahatları çərçivəsində sənaye parklarının rezidentləri müasir və hazır infrastrukturla dövlət dəstəyi əsasında təmin olunur.
Sənaye parklarının təşkili, idarə olunması və inkişafı ilə bağlı bütün tədbirlər İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən həyata keçirilir. Ümumiyyətlə, bu günədək Azərbaycanda sənaye zonaları üzrə ümumi investisiya həcmi 8,1 milyard manat olan 170 sahibkarlıq subyektinə rezident və ya qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb. Bu müəssisələrdə 10 min 600-dən artıq daimi iş yeri yaradılıb. Sənaye zonalarında indiyədək 16,2 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun 5,2 milyard manatı ixracın payına düşür.
Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkı 613 hektar ərazini əhatə edir və kimya, neft-kimya, maşınqayırma, metallurgiya, tikinti materialları kimi sahələr üzrə fəaliyyət göstərir. Parkda sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin olunur, rezidentlər 10 il müddətinə əmlak, torpaq və gəlir vergilərindən, eləcə də avadanlıq idxalı zamanı ƏDV və gömrük rüsumlarından azad edilir. Parkda ümumi investisiya həcmi 6 milyard manatdan artıq olan 39 rezident qeydiyyata alınıb, onlardan 26-sı artıq fəaliyyət göstərir. Rezidentlər tərəfindən indiyədək 14 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun təxminən 5 milyard manatı ixrac edilib. 2025-ci ilin birinci rübündə istehsal 14,2 faiz, ixrac isə 17,2 faiz artıb. Hazırda parkda 6 mindən çox insan daimi işlə təmin olunub və məhsullar 70-dən artıq ölkəyə ixrac edilir.
Ağdam Sənaye Parkı isə rezidentlərin sayına görə ölkədə ikinci ən böyük parkdır. Burada Çin kapitallı lift istehsalı müəssisəsi kimi yeni zavodlar qurulur. Cəbrayılda yerləşən « Araz Vadisi» İqtisadi Zonası isə transformator istehsalı layihəsi ilə diqqət çəkir və parkın ümumi investisiya portfeli 150 milyon manata yaxınlaşır. «Araz Vadisi» İqtisadi Zonası Sənaye Parkı yeni rezidentlərlə inkişafını davam etdirir. Birləşmiş Ərəb Əmirliklərinin «Sensemi Dmcc» şirkətinin Azərbaycandakı nümayəndəliyi parkın rezident statusu alıb. Şirkət parkın 2 hektar ərazisində müasir avadanlıqlarla təchiz edilmiş transformator istehsalı müəssisəsi yaradacaq. Layihə çərçivəsində ildə 3 min transformator istehsal olunacaq və investisiya həcmi təxminən 17 milyon manat təşkil edir. Hazırda parkın investisiya portfeli 140 milyon manat səviyyəsindədir. Burada 18 sahibkar rezident, 4 sahibkar isə qeyri-rezident kimi fəaliyyət göstərir.
Sözügedən zonalarda bərpaolunan enerjidən istifadə çərçivəsində də mühüm işlər görülür. Sənaye parklarının bərpaolunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı buna əyani misaldır. Fərmana əsasən, sənaye parklarının enerji tələbatı «Azərenerji» və «Azərişıq» ASC-lər tərəfindən təmin olunacaq, rezident və qeyri-rezidentlərin elektrik enerjisi ilə fasiləsiz təminatı üçün zəruri müqavilələr bağlanacaq.
Sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli mühit yaradılıb. Parkların rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Onlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumundan tam azad olunurlar.
Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və müəyyən edilmiş siyahıya əsasən ƏDV-dən tam azadolma aiddir.
Elçin Zaman, «İki sahil»