“Şəhərsalma və Memarlıq İli”nin işığında
Orijinal üslubu ilə Bakının ən maraqlı mədəniyyət obyektlərindən birinə çevrilən muzey dünyanın 50-dən artıq ölkəsinin xalça nümunələrini özündə toplayıb
Müasir Bakı Asiya və Avropanın sərhədində, sivilizasiyaların təmas nöqtəsində yerləşən unikal şəhərdir. Bakının coğrafi mövqeyi onun memarlıq planına da təsirsiz ötüşməyib. Paytaxtımız Şərq keçmişi və modern Qərb müasirliyi ilə regionun ən gözəl şəhərlərindən biri sayılır. Bakı həm də müxtəlif üslubları özündə birləşdirən bənzərsiz nümunələrlə zəngindir.

Bu gün həmin nümunələrdən biri olan Azərbaycan Milli Xalça Muzeyi haqqında danışacağıq. Əvvəlcə muzeyin keçmişinə nəzər salaq. Bakıda unikal muzeyin - Azərbaycan Xalça Muzeyinin əsası 1967-ci ildə Azərbaycan xalça sənətinin inkişafında böyük xidmətlər göstərmiş Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Lətif Kərimovun təşəbbüsü ilə qoyulub. O vaxt Bakı böyük dəyişikliklər dövrünü yaşayırdı: sənayeləşmə, şəhərləşmə və mədəni islahatlar həyat tərzini sürətlə dəyişdirirdi. Belə bir şəraitdə bir xalqın düşüncə tərzini və ənənələrini özündə yaşadan xalça xüsusilə də qorunmağa ehtiyac duyurdu. Muzey işinə vurğun olan insanlar əsas vəzifələrini kolleksiyanın toplanması, bərpası və elmi təsvirində görürdülər. Dünyanın bir çox yerlərində dekorativ-tətbiqi sənət muzeyləri açılırdı: çünki qloballaşan sənaye dövründə dağılan ənənəvi həyat tərzini sənədləşdirmək və qorumaq vacib idi. Lakin xalça sənətinin tədqiqinə həsr olunmuş ixtisaslaşmış bir muzey - yalnız Azərbaycanda yarandı.
Muzeyin adı bir neçə dəfə dəyişdirilərək, 1967-1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993-2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014-cü ildən isə Azərbaycan Xalça Muzeyi adlanır. Yarandığı dövrdə dünyanın yeganə ixtisaslaşdırılmış xalça muzeyi idi.
Muzeyin ekspozisiyası yarım əsr ərzində müxtəlif təyinatlı binalarda fəaliyyət göstərib. Belə ki, ilk ekspozisiya 1972-ci ildə İçərişəhərdə XIX əsr memarlıq abidəsi olan “Cümə” məscidinin binasında açılıb. Ekspozisiyanın açılış mərasimində muzey yarandığı gündən böyük dəstəyini əsirgəməyən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev iştirak edib. Eləcə də Ulu Öndər davamlı dəstəyi sayəsində muzey sənətkarlıq nümunələrini almaq və bununla da öz kolleksiyasını genişləndirmək imkanı əldə edib. Azərbaycan Xalça Muzeyinin kolleksiyalarının toplanması və sonrakı inkişafında ölkənin aparıcı elmi qüvvələri - Rasim Əfəndiyev, Əməkdar incəsənət xadimi və muzeyin ilk direktoru Əziz Əliyev, tarix elmləri doktoru Həsən Quliyev, sənətşünaslıq namizədi Nəcibə Abdullayeva, sənətşünaslıq doktorları, professorlar Röya Tağıyeva və Kübra Əliyeva iştirak etmişlər. Muzey rəhbərliyinin tapşırığına əsasən alimlərin köməyi ilə əhalidən qədim xalçalar, xalça məmulatları, tikmə, bədii metal nümunələri, milli geyim əşyaları və s. əldə olunmuşdur. Azərbaycan Elmlər Akademiyası keramika, bürünc və sümükdən hazırlanmış müxtəlif tapıntıları, həmçinin qədim dövrə aid zərgərlik əşyalarını mütəmadi muzeyə təqdim edirdi. Zamanla muzeyin fondları müasir rəssamların əsərləri ilə də zənginləşir. Bura əsasən xalçaçıların, daha sonra heykəltəraşların, keramika sənətkarlarının, zərgərlərin, ağac oyma ustalarının işləri daxil edilir. Bu gün orijinal üslubu ilə Bakının ən maraqlı mədəniyyət obyektlərindən birinə çevrilən muzey dünyanın 50-dən artıq ölkəsinin xalça nümunələrini özündə toplayıb.
Qeyd edək ki, muzeyin açılan xalça formalı unikal binası Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncam əsasında tikilib. 2008-ci il mayın 15-də Dənizkənarı Milli Parkın ərazisində yeni binanın təməlqoyma mərasimi baş tutub. Möhtəşəm binanın müəllifi məşhur avstriyalı memar Frans Yansdır. Onun rəhbərlik etdiyi “Hoffmann-Janz Architects” şirkəti dünyanın bir sıra aparıcı paytaxtlarında və eləcə də Azərbaycanda bir sıra iri miqyaslı tikinti layihələrini uğurla həyata keçirmişdir. Onların layihələri arasında Vyanada inşa olunan ilk hündürmərtəbəli bina — “DC Towers”, həmçinin həmin şəhərdə yerləşən “The Timber Marina Tower” layihəsi, Bratislava, Dubay və digər şəhərlərdə modern üslubda tikilmiş binalar xüsusi qeyd olunmalıdır. Bakıda isə onun müəllifi olduğu Mərkəzi Park və paytaxtın memarlıq incilərindən biri sayılan müasir yaşayış kompleksi - “Nobel Residence” artıq istifadəyə verilmişdir.
Müasir Xalça Muzeyi binasının layihəsi muzey mütəxəssisləri ilə razılaşdırılmışdır: ekspozisiya və fond ehtiyaclarını qarşılayacaq şəkildə muzeyin sahəsi 5000 kvadratmetrə qədər genişləndirilmişdir. Memarların ideyasına əsasən, bina yığılmış deyil, açılan xalçanı simvollaşdırır. Onun qeyri-adi forması ziyarətçiyə bir dəvət kimi yozulmalıdır - içəri daxil olub xalq sənəti dünyasını kəşf etməyə çağırır. Binanın zirzəmisində isə xalçatoxuma mərkəzi yerləşir. Burada sənətkar qadınların necə çalışdığını izləmək və xalçatoxuma üzrə ustad dərslərində iştirak etmək mümkündür. Belə olduqda, yuxarıdakı üç mərtəbədəki ekspozisiyalar da tamaşaçıya tamamilə fərqli rakursdan görünür.
Xatıladaq ki, modern binanın açılışı 26 avqust 2014-cü ildə dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən bu irimiqyaslı layihə dünyada yeganə xalça formalı binadır. Qeyri-adi beşmərtəbəli binanın ümumi sahəsi 13.400 m2, ərazisi 5655 m2, uzunluğu isə 120 metrdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli qərarı ilə ölkəmizin xalça sənətinin qorunması və təbliği sahəsindəki müstəsna xidmətlərinə görə Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib. Hazırda Milli Xalça Muzeyi yalnız sənət nümunələri və milli irsimiz olan xalçaların saxlanc yeri kimi çıxış etmir, həm də milli xalça sənətinin hərtərəfli araşdırılması və xalqımızın bədii incilərinin yüksək səviyyədə təqdimat məkanı olaraq çoxşaxəli fəaliyyət göstərir.
Sevinc Azadi, “İki sahil”
Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını beynəlxalq müstəvidə uğurla təmin edir
Ölkəmizə qarşı Beynəlxalq Hüquq prinsiplərinin pozulması və ədalətin bərpa edilməsi