22 yanvar 2026 16:05
112

Qlobal arenada Azərbaycan nümunəsi: legitim siyasət, ədalətli mövqe və strateji nailiyyətlər

Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin “Euronews” televiziyasına verildiyi müsahibə müasir beynəlxalq münasibətlər sistemində baş verən ciddi transformasiyaların fonunda dövlətin strateji baxışını və praqmatik siyasət xəttini nümayiş etdirir. Müsahibədə səsləndirilən fikirlər göstərdi ki, qlobal müstəvidə hüquqi mexanizmlərin təsir imkanları zəiflədiyi, güc amilinin ön plana çıxdığı bir dövrdə hər bir dövlət öz təhlükəsizliyini və maraqlarını ilk növbədə daxili potensialı, rasional diplomatiya və balanslaşdırılmış əməkdaşlıq vasitəsilə təmin etməlidir.

Beynəlxalq hüquq normalarının artıq bütün aktorlar üçün mütləq xarakter daşımadığı reallığı aydın görünür. Dünyanın müxtəlif bölgələrində baş verən proseslər göstərir ki, ədalət prinsipi tez-tez siyasi maraqlarla əvəz olunur. Belə bir şəraitdə əsas məqsəd milli maraqları qorumaqla yanaşı, beynəlxalq hüquqa hörmət çərçivəsində düzgün hesab edilən qərarları ardıcıl şəkildə həyata keçirməkdir. Son illərdə atılan addımlar – siyasi sabitliyin möhkəmləndirilməsi, suverenliyin və ərazi bütövlüyünün tam bərpası məhz hüquqi əsaslara söykənən siyasətin nəticəsi kimi təqdim olunur. Bu yanaşma sübut edir ki, güclü dövlət modeli yalnız hərbi və iqtisadi imkanlarla deyil, həm də legitimlik və ədalət prinsipləri ilə formalaşır.

Dövlətimizin başçısına “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması Qafqazda uzun illər davam edən qarşıdurmalardan sonra sülhün təşviqi istiqamətində göstərilən səylərə verilən beynəlxalq qiymət kimi dəyərləndirilir. Bu fakt humanitar diplomatiyanın və barış siyasətinin beynəlxalq səviyyədə qəbul edildiyini göstərir. Hazırda regionda yeni mərhələnin başlanması, qarşılıqlı etimadın formalaşması və əməkdaşlıq elementlərinin güclənməsi diqqət çəkir. Daşımalar üçün məhdudiyyətlərin aradan qaldırılması, iqtisadi-humanitar addımların atılması və qarşılıqlı asılılığın artması münaqişə mühitindən əməkdaşlıq mühitinə keçidin praktiki göstəriciləridir. Məqsəd təkcə müvəqqəti sabitlik deyil, uzunmüddətli və davamlı sülhün təmin edilməsidir.

Müsahibədə Prezident İlham Əliyev daxili təhlükəsizlik məsələlərinə də toxunaraq bildirib ki, ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial təhdidlər əsasən xarici amillərlə bağlı ola bilər. Bu isə həyata keçirilən idarəetmə modelinin, ictimai həmrəyliyin və sosial sabitliyin nəticəsi kimi qiymətləndirilir. Regionda sabitlik, proqnozlaşdırılma və təhlükəsizlik ən böyük dəyər hesab olunur. Müharibə və işğalın ağır nəticələrini yaşamış bir məkan üçün sülh yalnız siyasi məqsəd deyil, həm də inkişafın əsas şərtidir.

Enerji məsələləri müsahibənin mühüm istiqamətlərindən birini təşkil edir. Neft qiymətlərinin sabitliyi və bazarın proqnozlaşdırıla bilməsi həm istehsalçılar, həm də istehlakçılar üçün əlverişli mühit yaradır. Bu sabitlik uzunmüddətli investisiyalar və strateji planlaşdırma baxımından xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazda neft və qaz ixrac edən əsas aktor kimi çıxış edən Azərbaycan bu gün geniş coğrafiyanı əhatə edən enerji tərəfdaşlığı qurub. 16 ölkəyə qaz ixracı, Avropa İttifaqı məkanında artan əməkdaşlıq və müasir boru kəmərləri infrastrukturu enerji təhlükəsizliyinə real töhfə verir. Bu model həm tərəfdaşların enerji təminatını gücləndirir, həm də iqtisadi gəlirlərin şaxələndirilməsinə xidmət edir. Beləliklə, enerji sahəsində formalaşmış etibarlı tərəfdaş imici dövlətin beynəlxalq mövqelərini daha da möhkəmləndirir.

Avropa Parlamentinin davamlı tənqidlərinə münasibətdə sərgilənən mövqe də diqqət çəkir. Müsahibədə dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Əməkdaşlıq daha çox real nəticə verən platformalarla davam etdirilir. Bu yanaşma göstərir ki, xarici siyasətdə emosional reaksiyalar deyil, rasional seçimlər üstünlük təşkil edir. Qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə əsaslanmayan münasibətlər isə perspektivli hesab olunmur.

Davosdan səslənən fikirlər göstərir ki, milli maraqlara əsaslanan, hüquqa söykənən və praqmatik diplomatiya ilə müşayiət olunan siyasət konkret nəticələr verir. Formalaşan inkişaf modeli regional sabitliyi möhkəmləndirməklə yanaşı, qlobal miqyasda etibarlı tərəfdaş imici yaradır. Dayanıqlı sabitlik və qarşılıqlı faydalı əməkdaşlıq xətti bu gün təkcə regional uğur deyil, həm də beynəlxalq münasibətlər sistemində nümunə kimi dəyərləndirilə biləcək konseptual yanaşmadır. Məhz bu yanaşma gələcək mərhələdə siyasi təhlükəsizliyin, iqtisadi artımın və humanitar dəyərlərin paralel şəkildə təmin olunmasına zəmin yaradır.

Nurlan Həsənov,
​Milli Məclisin deputatı