Yaxud biz bu qurumun davranışlarına niyə reaksiya vermirik?..
Azərbaycana qarşı qərəzli mövqe tutan, əsassız iddialar səsləndirən, davamlı olaraq qeyri-obyektiv yanaşma nümayiş etdirən Avropa Parlamenti hələ də öz çirkin xislətindən əl çəkə bilmir. 2026-cı ilin yanvarında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Avropa Parlamentinin Azərbaycana qarşı ədalətsiz mövqeyinə yenidən baxacağına ümid etdiyini bildirib: “Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik. Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır. Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər”.
Xanım jurnalisitn “Azərbaycanın Avropa Parlamenti tərəfindən daimi tənqidinə münasibətiniz və reaksiyanız necədir” sualına “Biz artıq buna reaksiya vermirik”, -deyə cavab verən dövlətimizin başçısı bildirib ki, aydındır ki, ölkəmizə qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir.
Gerəkdən də Avropa Parlamentinin Azərbaycanı Ermənistana qarşı “təcavüzkar mövqedə” ittihgam etməsi əbləhliyin, qərəzli münasibətin və nihilizmin pik nöqtəsidir. Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbəsi ilə yeni reallıqlar yaradan Azərbaycanın sülhvərvər və mütərəqqi siyasəti nəticəsində Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olub. Ermənistan ilə Azərbaycan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Rəsmi Bakı Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırıb. Azərbaycan Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlayıb. indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə dəmir yolları ilə 18 min tondan çox taxıl daşınıb.
Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında və “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə söylədiyi fikirlər ilə bağlı beynəlxalq nəşrlərdə dərc edilən məqalələrdə ilk növbədə Ermənistan və Azərbaycan arasında artıq arxada qalmış müharibədən sonra regionda yaranmış yeni reallıqlar, iki ölkə arasında gələcəyə yönəlmiş baxışlar diqqət mərkəzində dayanıb. Ekspertlər qeyd edirlər ki, dövlət başçısının Davos Dünya İqtisadi Forumu çərçivəsindəki çıxışları zamanı Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olunması üçün irəli sürdüyü konseptual yanaşmalar siyasi gündəmdə mühüm yer tutur.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edəndən sonra açıq-aşkar şəkildə ölkəmizə münasibətdə qərəzli mövqedən çıxış edən Avropa Parlamentindən fərqli olaraq Ermənistan rəhbərliyi Azərbaycanla əlaqələri yüksək qiymətləndirir. Baş nazir Nikol Paşinyan yanvarın 21 də parlamentdəki ənənəvi “hökumət saatı”nda bildirb ki, Ermənistanda dizel yanacağının qiyməti Azərbaycanla sülh sayəsində 20 faiz düşüb. Qeyd edək ki, 9 yanvar 2026-cı il tarixində Biləcəri stansiyasından Ermənistana ümumilikdə 2698 ton neft məhsulları (48 vaqon), o cümlədən 1742 ton Aİ-95 benzini və 956 ton dizel yanacağı göndərilib. Daha əvvəl, 18 dekabrda Ermənistana 1220 ton Aİ-95 avtomobil benzini də göndərilib.
Həmçinin Ermənistan-Azərbaycan sərhədində “ideal sülh” hökm sürdüyünü bildirən baş nazir iki dövlət arasındakı münasibətlərdə “keyfiyyətcə dəyişmiş atmosfer” olduğunu, o cümlədən hər iki tərəfin ritorikasında dəyişikliklər baş verdiyini və bu dəyişiklikləri alqışladığını qeyd edib. Paşinyan, həmçinin bildirb ki, Ermənistan və Azərbaycanın enerji sistemləri bir-birinə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində qoşulacaq. Yeri gəlmişkən, ötən ilin avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistanın xarici işlər nazirləri sülh sazişinin bəndlərini paraflayıblar. Daha sonra Azərbaycan üzərindən Ermənistana yüklərin daşınmasına start verilib.
Şübhəsiz, avropalı parlamentarilərin bütün bunlardan xəbərləri var. Ancaq hələ də öz çirkin mövqelərindən əl çəkə bilməyən bu avroparlamentarilərin xisləti dəyişmir. Elə ona görə də daim sülhə, qarşılıqlı faydalı əməkdaşlığa və uzunmüddətli sabitliyə üstünlük verən Azərbaycan ölkəmizin müstəqil siyasət yürütməsini qəbul edə bilməyən xüsusi lobbiçi qrupların və müəyyən qüvvələrin təsiri ilə fəaliyyət göstərən Avropa Parlamenti ilə hər hansı əməkdaşlıq formatını məhz bu qurumun respublikamıza qarşı davamlı, qərəzli və ədalətsiz münasibətinə görə dayandırıb. Təbii ki, bu qurum Azərbaycanı heç vaxt etmədiyi işlərdə, o cümlədən Ermənistana qarşı guya aqressiv mövqe tutmaqda ittiham edərkən özünü çox qəribə vəziyyə salır. Buna görə də ölkəmizin başçısının bildirdiyi kimi, biz artıq onlara reaksiya vermirik…
Zahid Rza, “İki Sahil”