23 yanvar 2026 12:01
117

ABŞ-da qazın qiyməti şaxtalı hava gözləntiləri fonunda 75% artıb

ABŞ-da təbii qaz üzrə qısamüddətli fyuçerslərin qiyməti son üç gün ərzində 75% artıb.

“İki sahil” "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, bu, 2022-ci ildən bəri qeydə alınan ən kəskin qiymət artımıdır. Bahalaşma ölkə ərazisində güclü şaxtalar və qar fırtınalarının gözlənilməsi ilə əlaqələndirilir.

Proqnozlara əsasən, qarşıdakı istirahət günlərində ABŞ-ın onlarla ştatını əhatə edəcək güclü qar fırtınası 175 milyonadək insanın həyatına təsir göstərə bilər. Bir çox regionlarda rekord səviyyədə aşağı temperatur, intensiv qar yağışı və yolların buz bağlaması gözlənilir.

Qaz qiymətlərinin artmasının əsas səbəblərindən biri qaz kəmərlərinin buz bağlaması ehtimalıdır. Bu hal qazın nəqli və paylanmasını çətinləşdirə, bəzi hallarda isə tamamilə mümkünsüz edə bilər. Eyni zamanda, soyuq hava şəraiti təbii qazın istehlakını kəskin şəkildə artırır.

"Mizuho Securities" şirkətinin xammal bazarları üzrə analitiki Robert Yauger bildirir ki, ekstremal dərəcədə aşağı temperaturlar qaz ehtiyatlarının sürətlə azalmasına səbəb olur. Onun sözlərinə görə, bu cür hava şəraiti bazarda ciddi gərginlik yaradır.