23 yanvar 2026 20:25
97

Humanizm siyasətinin beynəlxalq təntənəsi

Son dövrdə cərəyan edən hadisələr, dövlətlər arasında yaranan münaqişələr, baş verən müharibələr gündən-günə artmaqdadır. Müasir dünyamızda  insan qardaşlığı, tolerantlıq və qarşılıqlı hörmət anlayışları getdikcə daha böyük əhəmiyyət kəsb edir. Məhz belə bir dövrdə Cənab Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi onun bu dəyərlərə təkcə sözdə deyil, əməldə də yüksək qiymət verməsinin nəticəsidir. Ölkə başçısı cənab İlham Əliyevin bu uğuru həmçinin Azərbaycan xalqının dəyərlərinin beynəlxalq miqyasda tanınmasıdır.

Zayed İnsan Qardaşlığı Mükafatı dünyada sülh, birgəyaşayış və insanlıq dəyərlərini təşviq edən fərdləri və ya qurumları mükafatlandıran nüfuzlu bir beynəlxalq mükafatdır. Mükafat 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təsis edilmişdir. Bu nüfuzlu mükafat Cənab Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi humanist, multikultural və dinlərarası dialoqa əsaslanan siyasətinin məntiqi nəticəsidir. Ölkəmiz tarixən müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin dinc şəraitdə birgə yaşadığı məkan olmuşdur. Bu ənənənin bu gün də qorunması və dövlət siyasətinə çevrilməsi məhz Cənab Prezident İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində olmuşdur.

Ermənistanla ötən əsrin sonlarından başlayaraq dövrümüzə qədər gəlib çatan Qarabağ münaqişəsinin həll olunması Cənab Prezidentin tükənməz siyasi iradəsinin və əzminin nəticəsidir. Bu mürəkkəb tarixi mərhələdə Ermənistanla sülhün paraflanması istiqamətində atılan addımların mərkəzində Cənab Prezident İlham Əliyevin düşünülmüş, prinsipial və milli maraqlara əsaslanan siyasəti dayanır. Bu proses təsadüfi deyil, uzunmüddətli və ardıcıl diplomatik strategiyanın məntiqi nəticəsidir.

Bu mötəbər mükafat Azərbaycan və Cənubi Qafqaz regionunun tarixində bir ilkdir. Cənab Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi onun yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də sülhə, qarşılıqlı anlaşmaya və əməkdaşlığa verdiyi tövhələrin yüksək qiymətləndirilməsidir. Bu mükafat ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirir və gələcək nəsillər üçün dəyərli bir örnək yaradır.

David Həsənov,
YAP Naxçıvan şəhər təşkilatının əməkdaşı