23 yanvar 2026 15:32
56

Azərbaycan dilinin keşiyində dövlət iradəsi

Prezident İlham Əliyevin dil siyasəti milli təhlükəsizlik kontekstində Azərbaycan ədəbi dilinin saflığının qorunması Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Bu sahədə möhtərəm Prezident İlham Əliyevin ardıcıl və prinsipial mövqeyi xüsusi qeyd olunmalıdır. Dövlət başçısı Azərbaycan dilini milli kimliyimizin, dövlətçiliyimizin və mədəni suverenliyimizin əsas dayağı kimi qiymətləndirir və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Ana dilimizin qorunması, həm şifahi, həm də yazılı formada düzgün işlədilməsi, zənginləşdirilməsi, möhkəmləndirilməsi və geniş şəkildə təbliği istiqamətində həyata keçirilən dövlət dil siyasəti Azərbaycan Respublikasının Prezidenti, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilir. Dövlət başçısının bu sahədə apardığı sistemli və genişmiqyaslı islahatlar artıq öz müsbət nəticələrini verməkdədir. Naxçıvan və Mingəçevir şəhərlərində “Ana dili” abidələrinin ucaldılması da Azərbaycan dilinə göstərilən yüksək ehtiramın və qayğının bariz göstəricisidir. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizdə dil məsələlərinə daim xüsusi diqqət yetirilir və dövlətin dil siyasəti ardıcıl şəkildə həyata keçirilir.

Ümummilli Liderin dil siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev ana dilimizə, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə və tarixi irsimizə böyük həssaslıqla yanaşır. Dövlət başçısının müxtəlif tədbir və görüşlərdəki çıxışları zamanı Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə və ümumilikdə milli kimliyimizə xüsusi qayğı ilə yanaşdığı aydın şəkildə müşahidə olunur. Prezidentin rəsmi çıxışları və nitqləri ədəbi dilə sadiqliyin canlı nümunəsi kimi cəmiyyətə təqdim olunur.

Azərbaycan dilçiliyində mövcud problemlərin həlli məqsədilə Prezident İlham Əliyevin 2012-ci il 23 may tarixində imzaladığı Sərəncamda Azərbaycan dilinin digər türk dilləri ilə qarşılıqlı əlaqələrinin araşdırılması, müasir dilçilik məsələlərinin nəzəri baxımdan öyrənilməsi, ana dilimizin keçdiyi inkişaf mərhələlərini dolğun şəkildə əks etdirən fundamental elmi əsərlərin hazırlanması kimi mühüm məsələlər öz əksini tapmışdır.

Dövlət başçısının 2013-cü il 9 aprel tarixli Sərəncamı da Azərbaycan dilinə göstərilən diqqət və qayğının növbəti təzahürüdür. Bu sənəddə 2013–2020-ci illər ərzində qloballaşma şəraitində Azərbaycan dilinin zamanın tələblərinə uyğun istifadəsinin təmin edilməsi, dilçiliyin dövlət səviyyəsində inkişafı, elmi müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi, dilçiliyin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, qədim dillərin tədqiqi, Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi, tədrisi, lüğət tərkibinin zənginləşdirilməsi, qrammatik quruluşunun qorunması, söz yaradıcılığına nəzarətin artırılması, nitq mədəniyyəti sahəsində kompleks tədbirlərin həyata keçirilməsi kimi mühüm vəzifələr qarşıya qoyulmuşdur. Eyni zamanda kütləvi informasiya vasitələrində, televiziya və radio kanallarında, internet məkanında və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulmasının qarşısının alınması, Azərbaycan dilində elektron resursların, interaktiv və rəqəmsal dərsliklərin hazırlanması da həmin Sərəncamda xüsusi yer tutur.

Prezident İlham Əliyevin 2018-ci il 1 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı isə ana dilimizin inkişafı baxımından mühüm tarixi sənəd kimi xüsusi əhəmiyyət daşıyır. Bu Fərman dilin normativ müdafiəsini gücləndirməklə yanaşı, müasir dil təhlükəsizliyi anlayışının qurumlaşmış əsaslarını formalaşdırmışdır.

Bu mövqenin bariz ifadəsini Prezident İlham Əliyevin 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə də görmək mümkündür.

Dövlət başçısı həmin müsahibədə Azərbaycan dilinə münasibətini açıq və prinsipial şəkildə ifadə edərək bildirib: “Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün bu dilimizi qorumayaq? Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir. Biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir”.

Bu fikirlər Prezident İlham Əliyevin dil məsələsinə yalnız mədəni deyil, strateji yanaşdığını göstərir. Burada dil xarici təsirlərdən qorunmalı milli sərvət, dövlətin məsuliyyət daşıdığı fundamental dəyər kimi təqdim olunur. Prezident dəfələrlə vurğulayıb ki, ədəbi dilin qorunması dövlətçilik məsələsidir və bu, təsadüfi deyil.

Prezidentin dil siyasəti dilin, millətin və dövlətin birliyi prinsipi üzərində qurulub. Bu kontekstdə dil həm kollektiv yaddaşı formalaşdırır, həm milli kimliyi möhkəmləndirir, həm də cəmiyyətdə birliyi təmin edən əsas vasitədir. Məhz bu səbəbdən dövlət başçısı dilin qorunmasını milli təhlükəsizliyin prioritet məsələlərindən biri kimi dəyərləndirir.

Müsahibədə diqqət çəkən mühüm məqamlardan biri də tarixi müstəmləkəçilik təcrübəsinə verilən qiymətdir. Prezident bu prosesi yalnız siyasi deyil, eyni zamanda psixoloji və mədəni təsir kimi dəyərləndirir. Bu baxımdan dilin qorunması milli şüurun və mədəni müqavimətin əsas mexanizmi kimi təqdim olunur.

Prezident İlham Əliyev Azərbaycan dilinin tarixi davamlılığını xüsusi vurğulayaraq qeyd edir ki, bu gün danışdığımız dil ulu babalarımızın danışdığı dilin əsas mahiyyətini qoruyub saxlamışdır. Bu fakt Azərbaycan dilinin güclü fonetik və morfoloji sistemə, eləcə də möhkəm ədəbi ənənəyə malik olduğunu göstərir.

Dövlət başçısının xarici sözlərə münasibəti də diqqətəlayiqdir: “Dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq”.

 Prezident beynəlxalq terminologiyanın zəruriliyini qəbul etsə də, əsassız, imitasiya xarakterli alınmaların dilin daxili harmoniyasını pozduğunu açıq şəkildə bildirir. Bu mövqe müasir dil təhlükəsizliyi anlayışı ilə tam uzlaşır.

Müsahibədə diaspor məsələsinə toxunulması Prezidentin dil siyasətinin yalnız ölkə daxilini deyil, qlobal miqyası əhatə etdiyini göstərir: “Dünyada 50 milyon azərbaycanlı yaşayır, amma əzəli, əbədi, ədəbi dili qoruyan bizik və çox istəyirəm ki, xaricdə yaşayan azərbaycanlılar da Azərbaycan dilini mükəmməl bilsinlər. ... Azərbaycanlıların yaşadıqları bütün yerlərdə onlayn Azərbaycan dili məktəbləri olmalıdır ki, bizim uşaqlarımız öz ana dillərini bilsinlər”.

Cənab Prezidentin göstərişi ilə xaricdə yaşayan azərbaycanlılar üçün onlayn dil məktəblərinin yaradılması dilin nəsildən-nəslə ötürülməsi və milli bağların qorunması baxımından strateji əhəmiyyət daşıyır.

Azərbaycan dilinin saflığının qorunması və inkişaf etdirilməsi işində Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu milli məsuliyyəti dərindən dərk edən institutun kollektivi ana dilimizin düzgün və səlis istifadəsinin keşiyində dayanır, onun təbliği, qorunması, zənginləşdirilməsi və yad ünsürlərdən təmizlənməsi istiqamətində ardıcıl elmi araşdırmalar aparır. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin hazırlanması, toponimlərin mənşəyini araşdıran Toponimika və Azərbaycan dilinin müasir işlənmə vəziyyətini kütləvi informasiya vasitələrində və ictimai mühitdə sistemli şəkildə elmi təhlil edən Monitorinq və linqvistik təhlil şöbələrinin yaradılması, və digər tədbirlər ana dilimizin saflığının və inkişafının təmin olunmasına xidmət edən mühüm addımlardır.

Azərbaycan dilinin qorunması və inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi dil siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət başçısının ardıcıl və prinsipial mövqeyi, ədəbi dilin saflığının qorunması və milli kimliyimizin möhkəmləndirilməsi sahəsində məqsədyönlü siyasət aparılması Azərbaycan dilinin inkişafına elmi əsaslar qazandırır. Bu baxımdan, AMEA Nəsimi adına Dilçilik İnstitutunun üzərinə mühüm məsuliyyət düşür. İnstitut tərəfindən aparılan orfoqrafik tədqiqatlar, terminologiya işləmələri və dilin monitorinqi yönümlü araşdırmalar Prezidentin dil siyasətinin elmi dayaqlarını təmin edir və onun praktiki icrasına dəstək verir.

Dövlət başçısının müəyyən etdiyi strateji istiqamətlər çərçivəsində dil təhlükəsizliyinin təmin olunması və ədəbi dilin cəmiyyətdə mövqeyinin gücləndirilməsi üçün bir sıra əsas vəzifələr önə çıxır. İlk növbədə, media mühitində dilə struktur səviyyəsində məsuliyyət möhkəmləndirilməli, kütləvi informasiya vasitələrində ədəbi dil normalarına riayət olunması sistemli nəzarət mexanizmləri ilə təmin edilməlidir. Təhsil sistemində “dil təhlükəsizliyi” anlayışı ayrıca elmi-praktik istiqamət kimi formalaşdırılmalı, bu sahədə metodik və konseptual yanaşmalar hazırlanmalıdır.

Həmçinin, sosial şəbəkələrdə ədəbi dilin nüfuzunun artırılması məqsədilə elmi əsaslara söykənən tövsiyələr işlənib hazırlanmalı, xaricdə yaşayan soydaşlarımız üçün Azərbaycan dilinin qorunması və tədrisi istiqamətində fəaliyyət göstərən onlayn dil mərkəzlərinin elmi-metodik bazası genişləndirilməlidir.

Bu istiqamətdə həyata keçirilən tədbirlər Prezidentin dil siyasətinin səmərəli icrasına və Azərbaycan dilinin inkişafına xidmət edir.

Prezident İlham Əliyevin dil siyasəti rasional və elmi əsaslara söykənir. Azərbaycan dilinin qorunması həm milli kimliyin, həm dövlətçiliyin təməli, həm də gələcək nəsillərin zəmanətidir və bu yanaşma ədəbi dilimizin güclü və rəqabətə davamlı inkişafına şərait yaradır.

AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNUN ELMİ KATİBİ, FİLOLOGİYA ELMLƏRİ DOKTORU AYNEL MƏŞƏDİYEVA