26 yanvar 2026 11:20
225

AMB: Ötən il sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 920 milyon manat olub

Ötən il sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 920 milyon manat olub.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə hazırlanmış “InsurTech” adlı dərs vəsaitinin təqdimat mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, sığorta gündəlik baş verə biləcək hadisələr əsasında maliyə sabitliyinin qorunmasına xidmət edən mexanizmdir.

“Ölkələrdə sığortanın inkişafı təbii ki, sığorta əhatəliliyinin yayılması istiqamətində olan göstəricilərlə müqayisə olunur. Sığorta ehtimallar üzərində qurulan bir fəaliyyət növüdür. Texnologiyaların inkişafı bir növ müşahidə tarixçələrinin sayının daha çox təhlil olunmasında yeni imkanlar yaradır. Sığortaçılığın inkişaf etməsində, sığorta tariflərinin və təminatının formalaşdırılmasında texnoloji vasitələr daha çox iştirakçı olur. Bu sektor üçün “InshurTech” və başqa yeniliklər buna uyğunlaşan tendensiyalardır. Bu texnologiyalar inkişaf etdikcə sığortaçıların müqayisə modellərində daha çox imkanlar yaradılır və rəqabət mühiti formalaşır”, - deyə o bildirib.

V.Qurbanov vurğulayıb ki, hazırda dünyada olduğu kimi, Azərbaycanda da texnoloji alətlərin tətbiq olunmasında sığortaçılar və Mərkəzi Bank aktiv inkişaf edir: “Ölkəmiz üçün və rəqabət mühitinin formalaşması üçün bu texnoloji alətlərin tətbiqi faydalı olacaq”.