BRİKS ölkələri ticarət və turizm sahələrində istifadə oluna biləcək vahid ödəniş sisteminin yaradılması məqsədilə mərkəzi bankların rəqəmsal valyutalarının birləşdirilməsi imkanlarını araşdırırlar.
“İki sahil” xəbər verir ki, bu barədə Almaniyanın "Berliner Zeitung" qəzeti yazır.
Nəşrin məlumatına görə, birlik ölkələri Qərbin ödəniş mexanizmlərindən asılılığı azaltmaq üçün alternativ maliyyə infrastrukturunun formalaşdırılması üzərində işi davam etdirirlər.
Məqalədə qeyd olunur ki, yanvar ayında Hindistanın Ehtiyat Bankı transsərhəd hesablaşmaların sadələşdirilməsi məqsədilə mərkəzi bankların rəqəmsal valyutalarının əlaqələndirilməsini təklif edib.
Gözlənilir ki, bu təşəbbüs 2026-cı ildə Hindistanda keçiriləcək BRİKS sammitinin gündəliyinə daxil ediləcək. Qəzet vurğulayır ki, layihə təsdiqlənərsə, bu, BRİKS ölkələrinin rəqəmsal valyutalarını vahid sistem çərçivəsində birləşdirmək istiqamətində ilk rəsmi cəhd olacaq.
Bununla belə, layihə hazırda ilkin mərhələdədir. İştirakçı dövlətlər hələlik yalnız rəqəmsal valyutaların sınaqdan keçirilməsi ilə məşğuldurlar, texniki uyğunluq və tənzimləmə məsələləri isə açıq qalır.
Daha əvvəl Hindistanın BRİKS ölkələrinin rəqəmsal valyutalarının birləşdirilməsi təşəbbüsünü 2026-cı il sammitində müzakirəyə çıxarmağı təklif etdiyi bildirilmişdi.
Həmçinin məlum olub ki, Rusiya və Hindistan ikitərəfli ticarətə xidmət göstərmək üçün milli valyutalarda qarşılıqlı hesablaşma sistemlərinin inkişafı barədə razılığa gəliblər.