26 yanvar 2026 13:49
89

Aİ 2027-ci ildə Rusiya qazından tam imtina edəcək

Avropa İttifaqı Şurası Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə 2027-ci il yanvarın 1-dən etibarən tam qadağa qoyulmasını nəzərdə tutan planı razılaşdırıb. Rusiya mənşəli boru kəməri qazının Aİ-yə tədarükünə qadağa isə 2027-ci il sentyabrın 30-dan qüvvəyə minəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Avropa İttifaqı Şurasının mətbuat xidmətində bildirilib ki, bu reqlament Aİ-nin Rusiya energetikasından asılılığın aradan qaldırılmasını hədəfləyən REPowerEU proqramının məqsədlərinə çatmaq yolunda əsas mərhələdir.

Sənəd bazar ertəsi keçirilən nazirlər səviyyəsində iclasda razılaşdırılıb. Səsvermə zamanı Slovakiya və Macarıstan plana qarşı çıxıb.

Qeyd edək ki, plan layihəsi 2025-ci ilin dekabr ayının əvvəlində təqdim olunmuşdu. Sənədə əsasən, istisna hallarda Aİ-yə üzv ölkələr Rusiya qazından istifadənin müddətini 2027-ci il oktyabrın 31-dək uzada biləcəklər - bu, yalnız qaz anbarlarında ehtiyatların tələb olunan doluluq səviyyəsindən aşağı olduğu hallara şamil edilir.