Nipah virusu epidemiya və ya pandemiyaya səbəb ola bilməz, lakin onun Rusiyaya tək-tək hallarda gətirilməsi nəzəri baxımdan istisna edilmir.
“İki sahil” xəbər verir ki, bunu tibb elmləri doktoru Vladimir Nikiforov söyləyib. O qeyd edib ki, infeksiyanın təbii mənbəyi Hindistanda meyvə ilə qidalanan yarasalardır və yoluxma yalnız heyvanlarla və ya onların ifrazatı ilə təmas zamanı mümkündür. Virus insandan insana ötürülmür.
Nipah virusu zoonoz infeksiyalara aiddir və insana heyvanlardan keçir. O, ağır ensefalit və tənəffüs yolu xəstəliklərinə səbəb ola bilər, bəzi hallarda isə ölüm göstəricisi 80 faizə çata bilər.
Əsas profilaktik tədbirlər olaraq mütəxəssislər xəstə heyvanlarla təmasdan çəkinməyi, əlləri sabun və antiseptik vasitələrlə mütəmadi yumağı, tərəvəz və meyvələri istifadədən əvvəl yaxşıca yumağı, həmçinin yoxlanılmamış mənbələrdən su içməməyi tövsiyə edirlər. Xəstəliyin əsas əlamətləri yüksək hərarət, öskürək və güclü başağrısıdır. Rospotrebnadzor bildirir ki, Nipah virusu ilə bağlı xəstəliyin Rusiyaya gətirilmə halları qeydə alınmayıb. Ölkədə vaxtında laborator diaqnostika aparmaq üçün kifayət qədər test-sistem mövcuddur.
Medianın məlumatına görə, Hindistanda virusun yayılmasının qarşısını almaq üçün tədbirlər görülür, xəstələrlə təmasda olmuş 100 nəfər karantinə alınıb.