Almaniyanın Hamburq şəhərində Şimal dənizi hövzəsi ölkələrinin dövlət və hökumət başçılarının üçüncü Sammiti keçirilib.
“İki sahil” xəbər verir ki, Avropanın doqquz ölkəsinin - Belçika, Danimarka, Fransa, İrlandiya, İslandiya, Lüksemburq, Niderland, Norveç və Böyük Britaniyanın təmsil olunduğu Sammitə Avropa Komissiyası, NATO və 140-dan çox şirkət, birlik və qeyri-hökumət təşkilatının nümayəndələri də qatılıb.
Sammitdə iki əsas məsələ - dənizdə yeni külək enerjisi qurğularının inşasının sürətləndirilməsi və Şimal dənizi regionunda təhlükəsizlik məsələləri gündəmdə olub.
Kansler Fridrix Merts çıxışında geosiyasi çağırışlara toxunaraq, gələcəkdə əhalinin daha yaxşı qorunmasının vacibliyini vurğulayaraq deyib: “Xüsusilə Danimarka və Qrenlandiya əhalisi bizim həmrəyliyimizə arxalana bilər”.
Fridrix Merts Avropanın Arktikanın təhlükəsizliyinin təmin edilməsi üçün daha çox iş görəcəyini bildirib. O, məsələnin ümumi maraqlara cavab verdiyini qeyd edərək, şimal regionunun daha effektiv qorunması üçün birgə səylərin əhəmiyyətini vurğulayıb.
Danimarkanın Baş naziri Mette Frederiksen isə Qrenlandiyada NATO hərbi kontingentinin yerləşdirilməsinin təkcə Alyansın şimal cinahı üçün deyil, eyni zamanda, geosiyasi baxımdan da mühüm əhəmiyyət daşıdığını ifadə edib.
Sammitdə iştirakçı ölkələr konkret tədbirlər paketi qəbul edib. Əsas diqqət dənizdə külək parklarının və müvafiq elektrik şəbəkələrinin genişləndirilməsində regional koordinasiyanın və maliyyələşdirmənin gücləndirilməsinə yönəldilib. Şimal dənizi ölkələri 100 qiqavata qədər istehsal gücünü transsərhəd şəkildə birləşdirmək barədə razılığa gəlib.
Bundan başqa, dənizdə külək enerjisi sənayesi və ötürücü şəbəkə operatorları arasında imzalanmış birgə investisiya paktı çərçivəsində regionun dünyada təmiz enerji üzrə ən böyük mərkəzə çevrilməsi məqsədilə bir sıra tədbirlər razılaşdırılıb. Bu çərçivədə Şimal dənizi ölkələri 2030-cu ildən sonrakı dövr üçün də dənizdə külək enerjisi üzrə tenderlərin sabit axınının təmin olunmasını hədəfləyir.
Şimal dənizi Sammiti ilk dəfə 2022-ci ildə Danimarkanın təşəbbüsü ilə Esbyerq liman şəhərində təşkil olunub. Sammitin əsas məqsədi Rusiya-Ukrayna müharibəsi fonunda Şimal dənizi ölkələrinin dənizdə külək enerjisinin inkişafı sahəsində əməkdaşlığını gücləndirmək və bununla da Rusiyadan fosil yanacaq idxalından asılılığı azaltmaq olub.