HƏMAS hərəkatının İsrailə aid bütün girovları qaytarması Qəzza ilə bağlı sövdələşmənin ikinci mərhələsinə tam diqqət yetirməyə imkan verəcək.
“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Axios" portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, HƏMAS bu gün Qəzza zolağında olan sonuncu İsrail girovun meyitinin qalıqlarının qaytarılmasına kömək edib.
"Onlar (hərəkat nümayəndələri - red.) cəsədi qaytarmaq üçün çox səylə çalışıblar. Bu məsələdə İsraillə əməkdaşlıq ediblər. Bunun nə qədər çətin olduğunu təsəvvür edə bilərsiniz", - Tramp qeyd edib.
O, həm sağ qalan, həm də həlak olmuş bütün girovların İsrail tərəfinə qaytarıldığını xatırladıb. Ağ Evin rəhbəri bunu sülh planının həyata keçirilməsi üçün kritik an adlandırıb və bildirib ki, indi diqqət tam olaraq sövdələşmənin ikinci mərhələsinə yönələ bilər.
Tramp artıq vəziyyəti İsrailin Baş naziri Benyamin Netanyahu ilə müzakirə etdiyini də açıqlayıb.
"Heç kim bizim bütün girovları qaytaracağımıza inanmırdı. Bu böyük an idi. İndi biz, onların vəd etdiyi kimi, HƏMAS-ı tərk-silah etməliyik", - deyə Amerika lideri əlavə edib.