27 yanvar 2026 12:32
113

KXDR Yapon dənizi istiqamətində bir neçə raket buraxıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) ərazisindən Yapon dənizi istiqamətində ballistik raketlərə bənzər bir neçə obyekt buraxılıb. Daha sonra onlardan birinin Yaponiyadan kənarda düşdüyü bildirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.

Raketlərin uçuş trayektoriyası və mümkün ziyanla bağlı əlavə məlumat açıqlanmayıb.

Reuters agentliyinin yazdığına görə, Yaponiyanın Sahil Mühafizəsi artıq raketə bənzər bir obyekt aşkar edib. Qurum mərmilərin mümkün buraxılışı ilə bağlı bir neçə dəqiqə fasilə ilə iki dəfə xəbərdarlıq yayıb.

Sahil Mühafizəsi regionda olan gəmiləri raket qalıqlarına yaxınlaşmamağa və dərhal səlahiyyətli qurumlarla əlaqə saxlamağa çağırıb. Yaponiyanın Müdafiə Nazirliyinin məlumatına görə, bu, KXDR-in 4 yanvardan bəri ilk raket buraxılışı və 2026-cı ildə ikinci belə hadisədir.