Çin bir neçə il ərzində Böyük Britaniya baş nazirlərinin köməkçilərinin mobil telefonlarını dinləyib.
“İki sahil” xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti öz mənbələrinə istinadla yazır.
Nəşrdə dərc olunan material Böyük Britaniyanın baş naziri Kir Starmerin Pekinə səfəri ərəfəsində yayımlanıb.
Qəzetin məlumatına görə, Çin tərəfindən dəstəklənən hakerlər 2021–2024-cü illər ərzində Boris Conson, Liz Trass və Rişi Sunakın bir sıra yaxın köməkçilərinin telefonlarını sındıraraq dinləyiblər. Hakerlərin Böyük Britaniyanın baş nazirlərinin öz mobil cihazlarına çıxış əldə edib-etmədiyi isə nəşrə məlum deyil.
ABŞ kəşfiyyatındakı mənbələr The Telegraph-ə bildiriblər ki, Çin Böyük Britaniyanın yüksək vəzifəli şəxslərinin dinlənilməsi üzrə əməliyyatı davam etdirir. Bu isə hazırkı baş nazirin və onun yüksək səviyyəli əməkdaşlarının da komprometasiya olunmuş ola biləcəyi ehtimalını artırır. Qeyd olunur ki, ötən ilin noyabrında MI5 parlamentə Çindən gələn təhlükə ilə bağlı “casusluq xəbərdarlığı” göndərib.
"The Telegraph" yazır ki, hətta hakerlər yüksək vəzifəli britaniyalı məmurların telefon danışıqlarını dinləyə bilməsələr belə, metadataya çıxış əldə etmiş ola bilərlər. Bu cür məlumatlar isə Dauninq-strit rəsmilərinin kimlə və nə vaxt əlaqə saxladıqlarını müəyyən etməyə imkan verir.