27 yanvar 2026 14:00
109

İran mühasirəyə alınır - GENİŞMİQYASLI ZƏRBƏ EHTİMALI YÜKSƏKDİR

ABŞ İran yaxınlığında Patriot zenit-raket kompleksləri və THAAD raketdən müdafiə sistemlərini yerləşdirib.

“İki sahil” xəbər verir ki, bu barədə The Economist nəşri yazır.

Məlumata görə, regiona həmçinin hərbi-nəqliyyat təyyarələri və yanacaq dolduran tanker təyyarələr göndərilib. Cənubi Çin dənizini tərk edən USS Abraham Lincoln aviadaşıyıcısının böyük ehtimalla Oman körfəzi ərazisində olduğu bildirilir. Onun aviadaşıyıcı qanadı və müşayiət edən esmineslər mümkün zərbə üçün əlçatan zonaya daxil olub.

Qüvvələrin yer dəyişməsi hərbi aviasiyanı da əhatə edib. Böyük Britaniyadakı bazalardan bir neçə F-15E eskadrilyası regiona göndərilib. Flightradar24 və ADS-B Exchange məlumatlarına əsasən, C-17A Globemaster III hərbi-nəqliyyat təyyarələri Texas ştatındakı Fort Kavazosda yerləşən, 62-ci HHM artilleriya polku ilə əlaqəli Robert Qrey aerodromundan yüklər daşıyıb. Üç gün ərzində Küveytdəki Əli əl-Salem aviabazasına altı, Səudiyyə Ərəbistanındakı Prins Sultan bazasına isə bir uçuş həyata keçirilib. Yanvarın 24-də ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuper məsləhətləşmələr aparmaq üçün İsrailə səfər edib.

The Economistin qiymətləndirməsinə görə, ABŞ prezidenti Donald Tramp hələlik zərbə endirilməsi ilə bağlı yekun qərar verməyə bilər. Bununla belə, Fars körfəzi ölkələrinin nümayəndələri ilə qeyri-rəsmi söhbətlərdə İranın siyasi rəhbərliyini hədəf alan genişmiqyaslı Amerika zərbəsinin ehtimalının yüksək olduğu bildirilir. Tehranda isə Vaşinqtonun istənilən hücumunun “tammiqyaslı müharibə” kimi qiymətləndiriləcəyi və cavabın məhdud raket mübadiləsindən kənara çıxa biləcəyi barədə xəbərdarlıq edilib.