Ayda Atom Elektrik Stansiyasının (AES) yerləşdirilməsi üçün 2033–2035-ci illərdə üç ilkin kosmik buraxılışın həyata keçirilməsi nəzərdə tutulur.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə akademik Sergey Korolyovun xatirəsinə həsr olunmuş kosmonavtika üzrə akademik oxuların plenar iclasında “NPO Lavoçkin” şirkətinin baş direktoru Vasili Marfin məlumat verib.
Onun sözlərinə görə, missiyalardan ikisi təminedici və infrastruktur xarakterli olacaq, üçüncü missiya isə enerji modulunun Ay səthinə çatdırılmasını nəzərdə tutur. “Enerji modulu ‘Rosatom’ şirkəti ilə kooperasiya çərçivəsində və Kurçatov İnstitutunun elmi rəhbərliyi altında hazırlanır”, — deyə Vasili Marfin “İnterfaks”a istinadla bildirib.

Təqdimat zamanı “NPO Lavoçkin”in rəhbəri qeyd edib ki, 2033-cü ildə Aya eksperimental kosmik aparatın göndərilməsi planlaşdırılır, bir il sonra isə infrastruktur missiyası həyata keçiriləcək. 2035-ci ildə isə enerji modulunun Ay səthinə çatdırılması nəzərdə tutulur. Marfinin sözlərinə görə, layihənin reallaşdırılmasına “maksimum qeyri-müəyyənliklər və texnoloji, texniki hazırlıq səviyyəsinin aşağı olması” mane olur.
Bundan əlavə, 2036-cı ildə Rusiyanın iki ay roveri ilə təchiz olunmuş “Luna-30” stansiyasını buraxmağı planlaşdırdığı bildirilib. Bu aparat Ayın və ayətrafı məkanın avtomatik planetlərarası stansiyalar vasitəsilə tədqiqi və praktiki istifadəsi proqramının bir hissəsidir. 2028-ci ildə “NPO Lavoçkin” “Luna-26” aparatını, 2029 və 2030-cu illərdə isə Cənub və Şimal qütblərinə yönəlmiş iki “Luna-27” missiyasını həyata keçirməyi planlaşdırır. “Luna-29” orbital aparatının buraxılışı isə 2032-ci ilə nəzərdə tutulub.
Qeyd edək ki, 2024-cü ilin may ayında “Roskosmos” Rusiya və Çinin Ay üçün nüvə enerji qurğusunun göndərilməsi ilə bağlı planlarını açıqlamışdı. İlkin mərhələdə qurğunun Yer üzündə sınaqdan keçiriləcəyi, Ay səthinə isə 2036-cı ildən sonra göndəriləcəyi gözlənilir. Ayda ilk AES-in tikintisi ilə bağlı planları 2025-ci ilin iyununda dövlət korporasiyasının rəhbəri Dmitri Bakanov elan etmişdi. Rusiya–Çin birgə Ay stansiyası layihəsinə artıq 13 ölkə qoşulub.