27 yanvar 2026 23:37
99

Yatmazdan əvvəl bu qəlyanaltını yeməyin

Bir çox insanlar yatmazdan əvvəl şirniyyat və ya müxtəlif qəlyanaltılar yeməyə meyillidirlər. Mütəxəssislər bunu axşam yeməyindən sonra qanda şəkərin səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirsələr də, sevilən şirniyyatlardan olan şokoladı gecə saatlarında qəbul etmək sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər.

Dietoloq Lena Bakoviç “Tom’s Guide” nəşrinə açıqlamasında bildirib ki, yatmazdan dərhal əvvəl şokolad yemək yuxu keyfiyyətini aşağı salır. Onun sözlərinə görə, xüsusilə yuxu problemi yaşayan insanlar bu vərdişdən uzaq durmalıdırlar.

ABŞ-da aparılan araşdırmaların nəticələri göstərir ki, yetkinlərin əksəriyyəti gündəlik fəaliyyət üçün lazım olan qədər yuxu ala bilmirlər. Federal səhiyyə qurumları sağlamlığın qorunması üçün gecələr ən azı 7 saat yatmağı tövsiyə edir.

Mütəxəssislərə görə, problemin əsas səbəbi şokoladın tərkibindəki kafeindir. ABŞ Milli Sağlamlıq İnstitutlarının məlumatında bildirilir ki, kafein beyində yuxululuq yaradan adenozin maddəsini bloklayaraq insanı ayıq saxlayır. Xüsusilə tünd şokolad daha az şəkərli və ürək üçün faydalı hesab edilsə də, ən yüksək kofein miqdarına malikdir. Çünki onun tərkibində kofeinin mənbəyi olan kakao daha çoxdur. Bundan əlavə, şokoladda zəif stimullaşdırıcı təsirə malik teobromin adlı maddə də mövcuddur.

Şokolad ustası Liron Qalın sözlərinə görə, 100 qram tünd şokoladın tərkibində 50-150 milliqram kofein ola bilər. Bu isə bir fincan qəhvənin təsirinə yaxın göstəricidir.

Mütəxəssislər gecə saatlarında ağ şokolad yeməyin nisbətən daha təhlükəsiz olduğunu bildirirlər. Bunun səbəbi ağ şokoladın tərkibində kakao tozunun və kofeinin olmamasıdır. Bununla yanaşı, bir qaşıq fıstıq yağı, bir porsiya meyvə, qatıq, melatoninlə zəngin gilanar şirəsi və ya bir ovuc qoz da yatmazdan əvvəl qəbul etmək üçün düzgün qida seçimləri kimi tövsiyə olunur. Bu qidalar yuxuya getməyə kömək etməklə yanaşı, orqanizmi faydalı maddələrlə də təmin edir. Mütəxəssislər vurğulayırlar ki, keyfiyyətli yuxu üçün təkcə yatmaq saatı deyil, yatmazdan əvvəl nə yediyimiz də həlledici rol oynayır.

Şahnigar Əhmədova, “İki sahil”