27 yanvar 2026 22:57
124

Beyin həyəcan təbili çalır…

Qısa videolar insanları səbirsizliyə aparır

Mütəxəssislərin fikrincə, gündəlik həyatda diqqət dağınıqlığı və fokuslanma problemlərinin artması birbaşa rəqəmsal vərdişlərlə bağlıdır. Xüsusilə qısa video formatlarının geniş yayılması beynin daim stimullaşdırılmasına səbəb olur ki, bu da uzun müddət diqqət tələb edən işlərdə səbirsizlik və zehni yorğunluq yaradır.

Son illər “TikTok”, “Reels” və “Shorts” kimi qısa video platformalarının populyarlaşması ilə beynin “mükafat sistemi” fasiləsiz şəkildə aktivləşir. Nəticədə insan beyni sürətli keçidlərə alışır, uzunmüddətli diqqət tələb edən fəaliyyətlər isə çətinləşir.

Mövzu ilə bağlı psixoloq Kerem Gümüş bildirib ki, gün ərzində bildirişlər, mesajlar, vizual stimullar və daim dəyişən informasiya axını zehni fasiləsiz şəkildə məşğul edir: “Beyin uzun müddət bir nöqtədə qalmaqdan çox, sürətli dəyişikliklərə uyğunlaşmağa məcbur olur. Bu isə diqqət toplamağı deyil, diqqət dağınıqlığını normal vəziyyətə çevirir. Eyni zamanda, insanların dözümlülük həddi də aşağı düşür.”

Psixoloqun sözlərinə görə, istirahətə və fasiləyə imkan verməyən həyat tərzi fokuslanma qabiliyyətini zəiflədir. Gündəlik rejimin tənzimlənməsi, ekran qarşısında vaxt keçirməyin məhdudlaşdırılması, yuxu və qidalanma vərdişlərinin yaxşılaşdırılması, eləcə də diqqəti gücləndirən məşqlər bu problemin qarşısını almaqda effektiv üsullar hesab olunur.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, rəqəmsal məzmunun nəzarətsiz istifadəsi uzunmüddətli dövrdə zehni performansa mənfi təsir göstərə bilər.

Şahnigar Əhmədova, “İki sahil”