“Çoxqütblü dünya nizamının formalaşması beynəlxalq sabitliyin təmin olunması üçün yeni mexanizmlərin axtarışlarını zəruri edib. Müasir beynəlxalq münasibətlər sistemində ənənəvi qlobal idarəetmə institutlarının səmərəliliyinin azalması münaqişələrin qarşısının alınması və onların həlli məsələlərində çevik yanaşmalara olan ehtiyacı daha da aktuallaşdırır. Məhz bu kontekstdə Sülh Şurası beynəlxalq dialoq və əməkdaşlıq üçün yeni platforma kimi meydana çıxır”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Sülh Şurasının yaradılması beynəlxalq təhlükəsizlik sistemində mövcud mexanizmlərin imkanlarının məhdudlaşması fonunda ortaya çıxan obyektiv tələbatın nəticəsidir. Müharibədən sonrakı dövrdə formalaşmış institutlar bu gün getdikcə daha çox siyasi ziddiyyətlər, qərarların qəbulunda ləngimələr və institusional böhranlarla üz-üzə qalır. Bu şəraitdə daha az bürokratik, daha çevik və konkret nəticələrə yönəlmiş formatlara ehtiyac yaranır. Sülh Şurası da məhz belə bir mexanizm kimi, dövlətlər arasında birbaşa siyasi dialoqu təşviq etməyi və münaqişələrin qarşısının alınmasında praktik diplomatiyanın rolunu gücləndirməyi hədəfləyir.
Millət vəkilinin fikrincə, Azərbaycanın Sülh Şurasında iştirakı təsadüfi deyil və ölkənin son illərdə formalaşdırdığı xarici siyasət xəttinin məntiqi davamı kimi qiymətləndirilməlidir. Azərbaycan regionda yeni siyasi reallıqlar yaradan, münaqişədən çıxmış və postmünaqişə dövründə bərpa, reinteqrasiya və davamlı sülh modelini həyata keçirən dövlət kimi beynəlxalq miqyasda mühüm təcrübə qazanıb. Bu təcrübə artıq yalnız regional deyil, qlobal səviyyədə də maraq doğurur. Eyni zamanda, Azərbaycan balanslaşdırılmış və praqmatik xarici siyasət yürüdərək blok qarşıdurmalarından kənar mövqe tutur, müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq qurur və dialoqu prioritet hesab edir. Sülh Şurasında iştirak rəsmi Bakıya beynəlxalq sülh gündəliyinin formalaşdırılmasında daha fəal rol oynamaq, öz mövqelərini və yanaşmalarını yeni diplomatik platformalarda ifadə etmək imkanı yaradır.
Sevinc Fətəliyeva qeyd edib ki, Sülh Şurasında bir sıra türk dövlətlərinin təmsil olunması da diqqətçəkən məqamdır: “Bu, formal siyasi blokdan daha çox, ortaq strateji baxışlara və uzunmüddətli maraqlara əsaslanan əməkdaşlıq modelidir. Regional sabitlik, nəqliyyat və enerji təhlükəsizliyi, eləcə də Avrasiya məkanında əlaqəliliyin artırılması bu dövlətləri birləşdirən əsas istiqamətlərdəndir. Azərbaycan üçün bu konfiqurasiya həm siyasi dialoqun dərinləşdirilməsi, həm də regional təşəbbüslərin qlobal müstəviyə çıxarılması baxımından əlavə imkanlar açır”.
Bununla yanaşı, deputat diqqətə çatdırıb ki, Sülh Şurasının fəaliyyəti və institusional mexanizmləri hələ formalaşma mərhələsindədir. Qərarların qəbulu mexanizmləri, hüquqi çərçivə və uzunmüddətli mandat məsələləri gələcəkdə daha aydın konturlar alacaq. Bu isə müəyyən suallar və tənqidi yanaşmalar doğura bilər. Lakin məhz bu mərhələdə Azərbaycanın proseslərdə iştirakı xüsusi əhəmiyyət kəsb edir. Bakı yeni beynəlxalq formatların dar siyasi maraqlara xidmət edən platformalara çevrilməməsində, onların suverenlik, qarşılıqlı hörmət və praqmatizm prinsipləri əsasında formalaşmasında maraqlıdır.
“Nəticə etibarilə, Azərbaycanın Sülh Şurasında iştirakı qısamüddətli diplomatik addım deyil, ölkənin qlobal siyasətdə artan rolunun tərkib hissəsidir. Müasir beynəlxalq münasibətlər sistemində sülhün möhkəmləndirilməsi yalnız bəyanatlarla deyil, real təcrübə və məsuliyyətli yanaşma ilə mümkündür. Azərbaycan məhz bu yanaşmanı təklif edərək, yeni qlobal dialoq arxitekturasında etibarlı və konstruktiv tərəfdaş kimi mövqeyini daha da gücləndirir”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.
Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan-ABŞ münasibətlərində YENİ SƏHİFƏ AÇACAQ