Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) yeni İdarə Heyətinin 2026-cı il üzrə ilk iclası keçirilib.
AQC-nin İctimaiyyətlə əlaqələr Departamentindən "İki sahil"ə daxil olan məlumata görə, iclasda Cəmiyyətin İdarə Heyətinin sədri Vüqar Oruc çıxış edərək gündəlikdə olan məsələlər, qarşıdakı fəaliyyət planları və təşkilati prioritetlər barədə məlumat verib.
Toplantıda AQC İdarə Heyətinin sədri Vüqar Orucun və AQC-nin Biznes Mərkəzi Klubu tərəfindən mükafatlandırılması ilə bağlı məsələ diqqətə çatdırılıb. Bildirilib ki, bu mükafatlandırma Cəmiyyətin institusional inkişafına verdiyi töhfələrlə bağlıdır.
İclas zamanı Qiymətləndiricilər Cəmiyyətinə yeni üzvlərin qəbul edilməsi barədə qərar qəbul olunub. Həmçinin Rüfət Əliyev İnzibati işlər departamentinin rəhbəri vəzifəsinə təsdiq edilib.
İclasda AQC-nin fəaliyyəti ilə bağlı əsasnamə təsdiqlənib. Sənəd Cəmiyyətin fəaliyyətinin daha sistemli və şəffaf şəkildə təşkilini nəzərdə tutur.
Milli qiymətləndirmə standartlarının hazırlanması istiqamətində görülən işlərin mövcud vəziyyəti barədə məlumat verilib və bu prosesin davam etdiriləcəyi bildirilib.
Bundan başqa, dövlət qurumları ilə görüşlərin keçirilməsi planı müzakirə olunub və əməkdaşlığın genişləndirilməsi məqsədilə müvafiq addımların atılması qərara alınıb.
İclasın sonunda AQC-nin maliyyə durumu və cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.