Finlandiyanın paytaxtı Helsinki şəhərində bu ölkənin ilk qadın Prezidenti olmuş Tarja Halonen Helsinki Azərbaycan Evinin fəxri qonağı olub.
“İki sahil” xəbər verir ki, tədbir Helsinki Azərbaycan Evinin rəhbəri, Azər-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarovanın təşəbbüsü və təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib.
Tədbirin əvvəlində Ülviyyə Cabbarova Tarja Haloneni qarşılayıb, bu ziyarətin Azərbaycan Evi üçün böyük əhəmiyyət daşıdığını və qürurverici olduğunu qeyd edib.
Görüşdə Finlandiyanın Azərbaycan, Gürcüstan və Ermənistan üzrə sabiq fövqəladə və səlahiyyətli səfiri Kirsti Narinen, diplomatik korpusun nümayəndələri, Tarja Halonenin müşaviri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə Azərbaycan Evinin fəaliyyəti haqqında qısa videoçarx nümayiş etdirilib.
Daha sonra Azərbaycan Evinin müəllimi Sura Ağaverdiyeva çıxış edərək Azərbaycan dilinin qorunmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışıb, xaricdə yaşayan uşaqlar üçün ana dilinin milli kimliyin əsas dayaqlarından biri olduğunu vurğulayıb.
Ardınca şagirdlər Azərbaycan və fin dillərində mahnılar ifa edərək tədbirə xüsusi rəng qatıblar.
Proqramın bədii hissəsində Finlandiya Opera və Balet Teatrının solisti Leyli Hüseynova tərəfindən klassik və milli musiqi əsərləri səsləndirilib, həmçinin Helsinki üzrə Koordinasiya Şurasının koordinatoru Mona Savocifar tərəfindən musiqi nömrələri təqdim olunub.
Daha sonra çıxış edən Tarja Halonen Azərbaycan haqqında müsbət fikirlərini bölüşüb və Azərbaycan ilə Finlandiya arasında münasibətlərin inkişafında mədəniyyətin mühüm rolunu vurğulayıb. O qeyd edib ki, bu əlaqələrin daha da gücləndirilməsi üçün konsert proqramları, mədəni tədbirlər və Azərbaycanın zəngin milli mətbəxinin təqdimatı mühüm vasitə ola bilər.
Tədbir çərçivəsində keçirilən sual-cavab sessiyasında uşaqlar və digər iştirakçılar Tarja Halonenə suallar ünvanlayıb, o cümlədən iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə olunub.
Tədbir zamanı yazıçı və tərcüməçi Tahirə Cəfərova tərəfindən Azərbaycan ədəbiyyatından fin dilinə tərcümə edilmiş kitablar Tarja Halonenə hədiyyə edilib. Həmçinin Azərbaycan Evinin şagirdləri tərəfindən hazırlanmış əl işləri ona təqdim olunub.
Görüşdə çıxış edən Kirsti Narinen Azərbaycanla bağlı müsbət fikirlərini bölüşərək COP29 dövründə qurulan əməkdaşlığa xüsusi diqqət çəkib. O, çıxışında Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarovanın həmin müddətdə göstərdiyi dəstəyi xüsusi vurğulayıb, onun təşəbbüsü və fəal iştirakı sayəsində bir çox məsələlərin uğurla həyata keçirildiyini qeyd edib. Göstərilən fəaliyyət yüksək qiymətləndirilib.
Tədbirin sonunda qonaqlar üçün çay süfrəsi təşkil edilib, iştirakçılar səmimi mühitdə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Finlandiyada keçmiş prezidentlər “prezident” titulunu ömür boyu daşıyırlar və bu status dəyişməz qalır.