Bu günlərdə Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılış mərasimi ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına böyük töhfə oldu. Dövlətimizin başçısı İlham Əliyev ölkəmizdə azad mətbuatın inkişafına yönələn addımlardan və keçilən yoldan geniş bəhs etdi.
1998-ci ildə senzuranın ləğvinin doğrudan da böyük və tarixi bir addım olduğunu önə çəkən cənab İlham Əliyev bildirmişdir ki, ondan sonra söz azadlığının inkişafı istiqamətində ardıcıl şəkildə çox ciddi addımlar atılmışdır. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu, 2003-cü ildə Mətbuat Şurası yarandı. Bu hadisələr göstərir ki, Azərbaycan bu sahədə çox məqsədyönlü və ardıcıl siyasət aparmışdır. Bütövlükdə söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib məsələlərdən biridir.
25 illik müstəqillik tarixinə malik olan Azərbaycanın bu gününü müstəqilliyinin ilk illəri ilə müqayisə etdikdə böyük inkişaf yolu keçdiyi hər sahədə özünü büruzə verir. Azərbaycan inkişaf modeli beynəlxalq səviyyədə dəstəklənən, dünyanın ən islahatçı və xoşbəxt ölkəsi kimi tanınan, eyni zamanda hər sahədə təcrübəsi nümunə göstərilən dövlət kimi nüfuz qazanıb. Sözsüz ki, bu uğurların təməlində düzgün qurulan siyasət nəticəsində iqtisadi tərəqqi və bu fonda digər sahələrin inkişafına yönələn bir-birindən əhəmiyyətli addımlar dayanır. Mətbuat da bu diqqət və qayğıdan kənarda qalmayıb. Mətbuatı cəmiyyətin güzgüsü kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə yeni mərhələnin başlanğıcını qoymuşdur. Azad, müstəqil mətbuatın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan KİV-lərin sayına görə MDB ölkələri arasında lider mövqedə dayanır. Ölkədə minlərlə kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb, xeyli sayda jurnalist təşkilatları və ictimai birliklər fəaliyyət göstərir. İnternet istifadəçilərinin sayı 75 faizdən çoxdur. Müasir dövrün informasiya kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkən dövlətimizin bu sahənin inkişafına yönələn addımları göz qabağındadır.
Son 13 ildə Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi mətbuat sahəsində də xüsusi diqqət çəkir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbulu, bu sənəd əsasında KİV-lərin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması xüsusi qeyd edilməlidir. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycan dünyada yeganə ölkədir ki, dövlət KİV-lərin inkişafı məsələlərinə bu qədər diqqət və həssaslıqla yanaşır. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı imzalanan sərəncamlar da bu diqqətin bariz nümunələrindəndir.
Zaman dəyişdikcə digər istiqamətlər kimi mətbuatda da təkmilləşmə bir zərurətdir. Bu gün ölkə ictimaiyyətinin yazılı və elektron KİV-lərdən gözləntiləri aydındır. Qeyd etdiyimiz kimi, internetin sürətlə inkişaf etdiyi müasir dövrdə Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlar yaranır. Mətbuat bu imkanlardan maksimum istifadə etməyə səy göstərməli, vətənpərvərlik prinsipləri atılan addımların önündə dayanmalıdır. Müasir dövrün çağırışı məhz budur- XXI əsr informasiya mübarizəsi əsrində daha çox nailiyyətlər qazanmaq, ölkəmizə yönələn qarayaxma kampaniyalarına qarşı mübarizəni müdafiə prinsipləri ilə deyil, hücum taktikası ilə aparmaq.
Cənab İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupu ilə görüşündə məqsədli şəkildə ölkəmizdə demokratik inkişafın, azad mətbuatın inkar edildiyini, dünyanın ikili siyasətinin mövcudluğunu bir daha diqqətə çatdırmışdır. Bu reallıqlar ölkəmizə qarşı qarayaxma kampaniyası həyata keçirən qüvvələrə də çox yaxşı bəllidir ki, dünyaya “demokratiya dərsi” keçən ölkələrdə qeyd olunan məsələlərlə bağlı irad tutulası, tənqid olunası çox məqamlar mövcuddur. İstər beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqində, istərsə də demokratik dəyərləndirmədə vahid mexanizmin olmaması problemlərin yaranmasına, ən əsası ədalət anlayışının “əriyərək yox olmasına gətirib çıxarır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd olunan görüşdə Associated Press agentliyinin vitse-prezidenti Con Danişevskinin “.... Siz dünyada Azərbaycanla və mətbuat azadlığı ilə bağlı yenidən əminlik yaratmaq üçün atıla bilinəcək bəzi addımlar barədə nə deyə bilərsiniz” sualına cavabı ölkəmizə qarşı qərəzli mövqedə dayanan dairələrin ünvanına sərt mesaj idi: “Siz dünya deyəndə kimi nəzərdə tutursunuz? Siz həmişə dünyanın adından danışmağı xoşlayırsınız. Mən 13 illik prezidentlik fəaliyyətim dövründə bunun şahidiyəm. Dünya hər hansı bir ayrılıqda götürülmüş ölkədən böyük məfhumdur. Biz çox zaman belə bir ifadəyə rast gəlirik ki, beynəlxalq birlik hansısa bir məsələdən narahatdır. O zaman müəyyənləşdirmək lazımdır, beynəlxalq birlik dedikdə nə nəzərdə tutulmalıdır? Beynəlxalq birlik BMT-yə üzv olan 200 ölkə deməkdir... Bu ölkələrin üçdə ikisi Azərbaycanı BMT Təhlükəsizlik Şurasına üzvlük məsələsində dəstəkləmişlər.” Cənab İlham Əliyev bu məqamı da xüsusi qeyd etmişdir ki, ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə, mətbuat azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar?! Əgər sosial şəbəkədə - “Feysbuk”da və “Tvitter”də 2 milyon insan varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar?! “Biz qarşımıza bu cür siyasi məqsəd qoymamışıq” söyləyən cənab İlham Əliyev bir daha bildirmişdir ki, məqsədimiz bütün azadlıqların təmin olunduğu, müasir, inkişaf edən, demokratik cəmiyyət quruluşunu davam etdirməkdir.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, bu gün ölkəmizdə demokratik inkişafdan, insan hüquq və azadlıqlarının qorunmasından, mətbuat azadlığının və eyni zamanda digər azadlıqların təmin edilməsindən “narazılığını” ifadə edən beynəlxalq təşkilatlar, dairələr yaxşı olar ki, öncə özlərinin təmsil etdikləri ölkələrdə cərəyan edən proseslərə diqqət yetirsinlər. O zaman ədalət meyarını nə dərəcədə qoruduqlarını və tətbiq etdiklərini anlayar və bundan nəticə çıxarmaq barədə düşünərlər.
Yeganə Əliyeva, “İki sahil”
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu