28 yanvar 2026 13:22
139

"İran müzakirə üçün müraciət etməyib" - Əraqçi

İran ABŞ ilə müzakirə aparmaq üçün müraciət etməyib.

“İki sahil” xəbər verir ki, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Tehranda Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə verdiyi açıqlamada deyib. Onun sözlərinə görə, son günlərdə İran xarici işlər naziri ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında əlaqə qurulmayıb.

Əraqçi bildirib ki, bəzi ölkələr vasitəçi olaraq müzakirələr üçün səy və məsləhətləşmə aparmaqdadırlar. Həmin ölkələrlə İran təmasdadır.

“ABŞ müzakirə istəyirsə, təhdid şəraitində müzakirədən söhbət etmək olmaz. Müzakirənin özünün situasiyası vardır və bərabər və qarşılıqlı hörmət prinsipi ilə həyata keçirilə bilər”, - deyə o qeyd edib.

Qeyd edək ki, 2025-ci il 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baş tutub.

Xatırladaq ki, 2025-ci il 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.