28 yanvar 2026 14:31
139

BSU-da professor Mahirə Hüseynovanın "Qərbi Azərbaycan: Danışan izlərin işığında" adlı kitabının təqdimatı keçirilib

Yanvarın 27-də Bakı Slavyan Universitetində (BSU)  Azərbaycan Respublikasının “Azərbaycan Mədəniyyəti-2040” Konsepsiyasına uyğun olaraq  BSU-nun Tədbirlər Planı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor,  Prezident təqaüdçüsü, Əməkdar müəllim,  Qərbi Azərbaycan İcması(QAİ) İdarə Heyətinin üzvü Mahirə Hüseynovanın " Qərbi Azərbaycan: Danışan izlərin işığında" adlı kitabının təqdimatı keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə BSU-nun rektoru Anar Nağıyev, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Milli Məclisin(MM) deputatı, BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə, MM-in deputatı Məlahət İbrahimqızı, Bakı Dövlət Universitetinin(BDU) Üzvi kimya kafedrasının müdiri, akademik Abel Məhərrəmov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Prezident Kitabxanasının direktor müşaviri,tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri, professor İbrahim Bayramov, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban verən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Sonra professor Mahirə Hüseynovanın elmi-pedaqoji,ictimai fəaliyyəti və bədii yaradıcılığı haqqında videoçarx nümayiş etdirilib. 

BSU-nu rektoru Anar Nağıyev çıxışında təqdimatı keçirilən kitabın elmi və ictimai əhəmiyyətini xüsusi vurğulayıb. Rektor qeyd edib ki, Qərbi Azərbaycanda Azərbaycan tarixinin, mədəni irsinin və milli dəyərlərinin sistemli şəkildə tədqiqinə həsr olunan bu kitab elmi müstəvidə təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır.

A.Nağıyev bildirib ki, kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycanla bağlı çıxışları əsas götürülüb. Qərbi Azərbaycana qayıdış konsepsiyası, Azərbaycançılıq ideologiyası, milli dəyərlərimiz, Azərbaycan dili və Azərbaycan tarixinə dair dövlət siyasətinin mühüm istiqamətlərinin konseptual nümunəsi kimi təqdim olunur.

Rektor müəllifin elmi yanaşmasını yüksək qiymətləndirərək qeyd edib ki, kitabda aparılan tədqiqatlar yalnız tarixi faktların təqdimatı ilə məhdudlaşmır, eyni zamanda folklor nümunələri, dil materialları və bədii elementlər vasitəsilə milli yaddaşın qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

A.Nağıyev BSU-da fəaliyyət göstərən Qərbi Azərbaycan Tədqiqat Mərkəzinin bu istiqamətdə gördüyü işlərdən də bəhs edərək, mərkəzin elmi fəaliyyətinin genişləndirilməsində professor Mahirə Hüseynovanın dəstəyini  qeyd edib. Bildirib ki, Qərbi Azərbaycan mövzusu artıq universitetin tədris proqramlarında, dərs vəsaitlərində və elmi tədqiqat istiqamətlərində sistemli şəkildə yer almaqdadır.

Çıxışının sonunda rektor A. Nağıyev müəllifə və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib, belə tədqiqatların Azərbaycan elminin inkişafı, milli-mədəni irsin qorunması və gələcək nəsillərin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O Mahirə Hüseynovaya gələcək elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb.

Milli Məclisin deputatları Məlahət İbrahimqızı, BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə, BDU-nun Üzvi kimya kafedrasının müdiri, akademik Abel Məhərrəmov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Prezident Kitabxanasının direktor müşaviri,tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri, professor İbrahim Bayramov, BSU-nun rektor məsləhətçisi,dosent Ənvər Abbasov,  Pedaqogika kafedrasının müdiri,professor  Piralı Əliyev, Türkologiya kafedrasının professoru Nuridə Novruzova, Jurnalistika kafedrasının professoru Şəlalə Həsənova çıxış edərək kitabda Qərbi Azərbaycan reallıqlarının tarixi, elmi və mədəni aspektlərdən sistemli şəkildə araşdırıldığını vurğulayıblar.

Tədbirin sonunda  ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor,  Prezident təqaüdçüsü, Əməkdar müəllim,  QAİ İdarə Heyətinin üzvü Mahirə Hüseynova çıxış edərək müəllifi olduğu kitab barədə ətraflı məlumat verib. O tədqiqat əsərində Qərbi Azərbaycanın tarixi-mədəni irsi, dil, folklor və milli-mənəvi dəyərlərinin elmi əsaslarla araşdırıldığını diqqətə çatdırıb, bu mövzuda aparılan tədqiqatların əhəmiyyətini vurğulayıb. Mahirə Hüseynova kitabın  təqdimatının  keçirilməsinə görə BSU-nun rektoru A.Nağıyevə təşəkkürünü bildirib, universitet rəhbərliyinin Qərbi Azərbaycanla bağlı elmi təşəbbüslərə verdiyi töhfəni yüksək qiymətləndirib.