Qazaxıstan hökuməti ABŞ sanksiyalarına məruz qalan Rusiyanın LUKOIL şirkətinə məxsus aktivlərin ölkə ərazisində mümkün satışına dair mövqeyini açıqlayıb.
“İki sahil” RT-yə istindala xəbər verir ki, Qazaxıstanın energetika naziri Erlan Akkenjenov bildirib ki, bu cür vəziyyətdə respublikanın həmin aktivlərin alınmasında prioritet hüququ mövcuddur.
Nazirin sözlərinə görə, Qazaxıstan qanunvericiliyinə əsasən, LUKOIL-un ölkə ərazisindəki paylarının satışı baş verərsə, dövlət bu payların geri alınması hüququndan istifadə edə bilər. Bu məsələ ilə bağlı Qazaxıstan Energetika Nazirliyi ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinə (OFAC) rəsmi müraciət ünvanlayıb.
“Əgər LUKOIL-un Qazaxıstandakı aktivlərinin realizasiyası həyata keçirilərsə, biz mövcud qanunvericilik çərçivəsində həmin payın alınması üzrə öz üstün hüququmuzu reallaşdıra bilərik. Bu barədə müvafiq məktub Energetika Nazirliyi tərəfindən OFAC-a göndərilib”, – deyə Akkenjenov qeyd edib.
Hazırda söhbətin konkret olaraq hansı aktivlərdən getdiyi açıqlanmır.